Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyinin ildönümü münasibətilə “28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür” mövzusunda tədbir keçirildi.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir mədəniyyət müəssisələrinin rəhbər heyyəti, əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə ilk öncə Şəmkir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin dövlət müstəqilliyimizin ildönümü münasibətilə təşkil etdiyi kitab sərgisinə baxş keçirildi, sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları altında açıq elan olundu, ardınca ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rəsmi hissədə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov müstəqillik tariximizin şanlı səhifələrindən bəhs etdilər. Natiqlər öz çıxışlarında Azərbaycanın suveren dövlət olaraq keçdiyi tarixi inkişaf yoluna nəzər salmış, milli dövlətçilik ideyalarının cəmiyyətdə, xüsusilə gənc nəsil arasında təbliğinin önəmini vurğulamışlar. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin banisi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün dünyada güclü və söz sahibi olan bir dövlətə çevrilmişdir. Çıxışlarda həmçinin milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi və bu qəbilədən olan tədbirlərin keçirilməsi diqqətə çatdırılmışdır.
Sonda tədbirin bədii hissəsində Şəmkir rayon Mədəniyyət Mərkəzinin musiqi və rəqs kollektivləri, solistlər, eləcə də Şəmkir Şəhər Uşaq Musiqi Məktəbinin müəllimləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.