PDF Oxu

Siyasət

  • 696

Aqrar sahədə böyük islahatlar və yeni inkişaf mərhələsi

image

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu sahənin ölkə iqtisadiyyatında strateji əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də regionların sosial-iqtisadi inkişafı baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, son illər həyata keçirilən dövlət proqramları və genişmiqyaslı islahatlar nəticəsində aqrar sahədə ciddi nailiyyətlər əldə olunub.

Prezident bildirib ki, kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir. Dövlət tərəfindən fermerlərə verilən dəstək, texnika təminatı, güzəştli kreditlər və subsidiyalar bu sahənin inkişafına mühüm töhfə verir. O vurğulayıb ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Bu dəstək mexanizmləri fermerlərin məhsuldarlığını artırır və istehsalın genişlənməsinə şərait yaradır.
Müşavirədə regionların inkişafı məsələsinə də toxunulub. Prezident qeyd edib ki, bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Yol, su, elektrik və qaz infrastrukturlarının yenilənməsi kənd yerlərində yaşayan insanların rifahının yüksəlməsinə səbəb olub. Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Bu göstərici regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
İlham Əliyev su təminatı layihələrinin kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını da qeyd edib. O, xüsusilə Şirvan kanalı layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür layihələr əkin sahələrinin suvarılmasını yaxşılaşdırır və məhsuldarlığın artmasına imkan yaradır. Prezident həmçinin diqqətə çatdırıb ki, Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq. Bu layihələrin həyata keçirilməsi işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına geniş imkanlar açacaq.
Dövlət başçısı çıxışında qeyd edib ki, bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Yeni meliorasiya sistemlərinin qurulması, su anbarlarının tikintisi və müasir texnologiyaların tətbiqi aqrar sahənin daha da güclənməsinə xidmət edir.
Müşavirədə həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" haqqında da danışılıb. Bildirilib ki, bu proqram kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafını sürətləndirəcək, ixrac potensialını artıracaq və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Sonda Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu sahəyə göstərilən dəstək bundan sonra da davam etdiriləcək. O qeyd edib ki, həyata keçirilən layihələr regionların inkişafına, yeni iş yerlərinin yaradılmasına və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Prezident həmçinin vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə müasir kənd təsərrüfatı infrastrukturu qurulur və bu torpaqlar yaxın gələcəkdə ölkənin əsas aqrar mərkəzlərindən birinə çevriləcək.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər