1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm mərhələ olmuşdur. Şərqdə ilk parlamentli demokratik Respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, milli dövlətçilik ənənələrinin formalaşması, demokratik idarəçilik prinsiplərinin yaradılması və müstəqillik ideyalarının möhkəmlənməsi baxımından əvəzsiz rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm nailiyyətlər əldə etmişdir. Demokratik ənənələrin təməlinin qoyulması, parlamentin yaradılması, milli ordunun formalaşdırılması, dövlət atributlarının qəbul edilməsi, təhsil və mədəniyyət sahəsində mühüm addımların atılması həmin dövrün ən böyük uğurları sırasında olmuşdur. Qadınlara seçki hüququnun verilməsi isə Azərbaycanı bir çox inkişaf etmiş dövlətlərdən belə önə çıxarmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan müstəqilliyinin əhəmiyyətini vurğulayaraq deyirdi:
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”
Bu fikir Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin mahiyyətini tam əks etdirir. 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd etmişdir ki, müstəqilliyin qorunması və möhkəmləndirilməsi dövlətimizin əsas prioritetidir:
“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və dövlət bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının reallaşmasının bariz nümunəsidir. Bu gün üçrəngli bayrağımızın Qarabağ və Şərqi Zəngəzur torpaqlarında dalğalanması gələcək nəsillərə böyük dövlətçilik əmanətidir.
Bakıda ucaldılmış İstiqlal Bəyannaməsi Abidəsi Azərbaycan xalqının müstəqillik ideallarına və dövlətçilik ənənələrinə sadiqliyinin rəmzidir. Bu abidə xalqımızın azadlıq uğrunda mübarizəsini və istiqlal arzularını daim yaşadır.
Ulu Öndər Heydər Əliyev 28 may – Müstəqillik günü münasibətilə keçirilən tədbirlərdə çıxış edərkən deyirdi:
“28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”.
Bu gün Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu milli dövlətçilik yolunu uğurla davam etdirir. Müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olması xalqımızın birliyinin, güclü dövlət siyasətinin və milli həmrəyliyin nəticəsidir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri