Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 1918-ci il mayın 28-i ən şərəfli və parlaq səhifələrdən biridir. Həmin gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və müstəqillik ideallarının təntənəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrimizin bərpası, milli mənlik şüurunun inkişafı və demokratik prinsiplərin bərqərar olması yolunda silinməz izlər qoydu. Bu gün biz 28 May gününü Müstəqillik Günü kimi qürurla qeyd edərkən, keçmişimizə, dövlətçilik tariximizə və bu müstəqilliyi bizə bəxş edənlərə bir daha dərin ehtiram nümayiş etdiririk. Bu tarixi günün və müstəqilliyimizin ən uca maddi və mənəvi simvollarından biri isə paytaxt Bakı şəhərinin İstiqlaliyyət küçəsində ucalan İstiqlal Bəyannaməsi abidəsidir.
İstiqlal Bəyannaməsi abidəsi sadəcə daşdan və bürüncdən ibarət bir memarlıq nümunəsi deyil, o, Azərbaycan xalqının azadlıq mübarizəsinin, milli iradəsinin və dövlətçilik ənənələrinə sadiqliyinin əzəmətli bir rəmzidir. 2007-ci ildə ucaldılan bu abidə iki qranit lövhə arasında yerləşdirilmiş bürünc lövhədən ibarətdir ki, onun da üzərinə 1918-ci il mayın 28-i Tiflisdə qəbul edilmiş İstiqlal Bəyannaməsinin həm ərəb, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni və imzalanan şəxslərin adları həkk olunub. Bu abidənin qarşısından keçən hər bir vətəndaş, hər bir gənc dövlətimizin hansı çətinliklərlə, hansı böyük ideallarla qurulduğunu əyani şəkildə hiss edir. Abidə xalqımızın tarixi yaddaşını təzələyir və bizə keçmişimizlə gələcəyimiz arasında qırılmaz bir körpü olduğunu xatırladır.
Müasir müstəqil Azərbaycan dövləti 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti məhz bu varislik və sadiqlik prinsiplərinə əsaslanır. İstiqlal Bəyannaməsi abidəsi də məhz bu sadiqliyin dövlət səviyyəsində təsdiqidir. Dövlətçilik ənənələrinə sadiqlik təkcə tarixi bayramları qeyd etməklə bitmir, həm də o tarixin bəxş etdiyi müstəqilliyi qorumaq, onu möhkəmləndirmək və gələcək nəsillərə ötürmək məsuliyyətini ehtiva edir. Azərbaycan xalqı və dövləti bu gün həmin məsuliyyəti ən uca səviyyədə daşıyır və nümayiş etdirir.
Bu gün Azərbaycan öz tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 2020-ci ildə qazanılmış tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi, dövlət suverenliyimizin ölkənin bütün ərazilərində tam təmin olunması 1918-ci ildə İstiqlal Bəyannaməsini imzalayan şəxsiyyətlərin ruhunu şad edən ən böyük hadisədir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xəyal etdiyi bütöv, güclü və müstəqil Azərbaycan bu gün reallığa çevrilib. Bu baxımdan, İstiqlal Bəyannaməsi abidəsi həm də bizim azadlıq mübarizəmizin qələbə nöqtəsini və dövlətimizin sarsılmaz gücünü tərənnüm edir.
28 May Müstəqillik Günü və onun rəmzi olan İstiqlal Bəyannaməsi abidəsi hər bir azərbaycanlı üçün müqəddəs bir dəyərdir. Bu abidə bizə müstəqilliyimizin nə qədər çətinliklərlə qazanıldığını və onun necə göz bəbəyi kimi qorunmalı olduğunu aşılayır. Dövlətçilik ənənələrinə sadiqliyin rəmzi olan bu abidə gələcək nəsillər üçün bir fəxr mənbəyi və vətənpərvərlik məktəbidir. Azərbaycan xalqı öz müstəqilliyini, dövlətini və bu dövlətin uca rəmzlərini hər zaman qoruyacaq, uca tutacaq və müstəqilliyimiz əbədi olacaqdır.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı