Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam ölkənin aqrar sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramı kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, emal sənayesinin genişləndirilməsi, balıqçılıq və akvakultura sahələrinin müasir tələblərə uyğun inkişaf etdirilməsi məqsədini daşıyır.
Sənəd ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac potensialının artırılması və regionlarda məşğulluğun genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Dövlət Proqramı çərçivəsində innovativ texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, sahibkarlığa dəstək mexanizmlərinin gücləndirilməsi və ekoloji tarazlığın qorunması əsas prioritetlər sırasındadır.
Balıqçılıq və akvakultura sektorunun inkişafı daxili bazarın keyfiyyətli məhsullarla təmin olunmasına, eyni zamanda yeni ixrac imkanlarının formalaşmasına şərait yaradacaq. Bununla yanaşı, istehsal və emal zəncirinin təkmilləşdirilməsi məhsulların rəqabət qabiliyyətini artıracaq və kənd yerlərinin sosial-iqtisadi inkişafına töhfə verəcək.
Qəbul edilən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun inkişafına xidmət edən mühüm strateji sənəd olmaqla, aqrar sahənin dayanıqlı və innovativ inkişafı üçün yeni imkanlar açır.
Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının mühasibi