PDF Oxu

Siyasət

  • 574

Azərbaycanın kənd təsərrüfatında yeni mərhələ - ŞƏRH

image

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərini bir daha ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, kənd təsərrüfatı yalnız iqtisadi sahə deyil, həm də milli təhlükəsizlik, ərzaq təminatı, regionların inkişafı və əhalinin rifahı baxımından strateji əhəmiyyət daşıyan prioritet istiqamətdir. Bu çıxış həm görülən işlərin geniş mənzərəsini ortaya qoydu, həm də qarşıdakı illər üçün yeni hədəfləri müəyyənləşdirdi.

Azərbaycan müstəqilliyinin ilk illərində ağır iqtisadi problemlərlə üzləşmişdi. Xüsusilə regionlarda vəziyyət çox mürəkkəb idi. Kəndlərdə qaz, işıq, su problemi hökm sürür, yollar yararsız vəziyyətdə qalırdı. İnsanların məşğulluq imkanları məhdud idi, kənd təsərrüfatı isə uzun illər diqqətdən kənarda qalmışdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2004-cü ildə qəbul edilən ilk Regional İnkişaf Proqramı məhz bu problemlərin həllinə yönəlmiş mühüm dövlət sənədi oldu. Həmin proqramın uğurlu nəticələri sonrakı illərdə də yeni regional inkişaf proqramlarının qəbul edilməsini zəruri etdi.

Bu proqramların icrası nəticəsində Azərbaycan bölgələri tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Kəndlərə qaz çəkildi, elektrik təchizatı tam təmin edildi, yeni avtomobil yolları tikildi, su anbarları və kanallar istifadəyə verildi. Vaxtilə insanlar gündəlik həyatın ən elementar ehtiyaclarını qarşılamaq üçün çətinlik çəkirdilərsə, bu gün bölgələrdə müasir sosial infrastruktur formalaşıb. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb və elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Əksinə, Azərbaycan artıq enerji ixrac edən ölkəyə çevrilib.

Kənd təsərrüfatının inkişafında infrastruktur layihələrinin rolu danılmazdır. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi iri su anbarlarının tikilməsi minlərlə hektar torpağın su təminatını yaxşılaşdırıb. Suvarma sistemlərinin yenilənməsi kənd təsərrüfatında məhsuldarlığın artmasına ciddi təsir göstərib. Prezident İlham Əliyev müşavirədə vurğuladı ki, hazırda Şirvan və Qarabağ kanalları yenidən qurulur və bu layihələr yüz minlərlə hektar torpağın su təminatına imkan yaradacaq. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən su layihələri gələcək aqrar inkişaf üçün böyük perspektivlər açır.

Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri kənd təsərrüfatında əldə olunan nailiyyətlərlə yanaşı, mövcud problemlərin də açıq şəkildə səsləndirilməsi oldu. Dövlət başçısı bildirdi ki, son illərdə aqrar sahədə müşahidə olunan durğunluq onu qane etmir. Bu yanaşma göstərir ki, Azərbaycan dövləti əldə olunan nəticələrlə kifayətlənmir və daim yeni inkişaf mərhələləri barədə düşünür.

Kənd təsərrüfatında subsidiyaların və dövlət dəstəyinin mühüm rolu xüsusi vurğulandı. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, fermerlərə geniş subsidiyalar, güzəştli kreditlər, yanacaq və gübrə dəstəyi təqdim edir. Bu mexanizmlər kənd təsərrüfatının inkişafına böyük təkan verib. Dövlət başçısı qeyd etdi ki, subsidiya siyasəti daha çevik olmalı, bazar tələblərinə uyğun yenilənməlidir. Bu isə müasir idarəetmə yanaşmasının mühüm göstəricisidir.

Çıxış zamanı pambıqçılıq və baramaçılıq sahəsində əldə olunan uğurlar xüsusi qeyd edildi. Vaxtilə tamamilə tənəzzülə uğramış pambıqçılıq bu gün yenidən ölkə iqtisadiyyatında mühüm yer tutur. Əgər əvvəllər pambıq istehsalı cəmi 20 min tona düşmüşdüsə, görülən tədbirlər nəticəsində hazırda bu rəqəm 360 min tonu ötüb. Məhsuldarlıq da bir neçə dəfə artıb. Bu inkişaf xüsusilə kənd rayonlarında yaşayan insanların məşğulluğuna və gəlirlərinin artmasına ciddi təsir göstərib.

Baramaçılığın dirçəldilməsi də dövlət siyasətinin uğurlu nəticələrindən biridir. Vaxtilə unudulmağa başlayan bu ənənəvi sahə yenidən canlandırılıb, ipəkçilik sənayesi inkişaf etməyə başlayıb. Bu isə həm kənd təsərrüfatının şaxələndirilməsi, həm də qeyri-neft sektorunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında ərzaq təhlükəsizliyi məsələsi xüsusi yer aldı. Dünyada baş verən müharibələr, enerji böhranları, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişiklikləri göstərir ki, hər bir ölkə öz daxili istehsal imkanlarını gücləndirməlidir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bəzi məhsullar üzrə özünütəminetmə səviyyəsini artırmalıdır. Xüsusilə buğda istehsalında mövcud vəziyyət qənaətbəxş hesab olunmur. Hazırda ölkə özünü buğda ilə cəmi 55 faiz təmin edir. Bu isə yeni Dövlət Proqramında əsas prioritet istiqamətlərdən biri olacaq.

Bununla yanaşı, bir sıra sahələrdə müsbət nəticələr əldə olunub. Tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə istehsalında Azərbaycan nəinki daxili tələbatı ödəyir, hətta böyük həcmdə ixrac həyata keçirir. Fındıqçılıq sahəsində qəbul edilmiş dövlət proqramı nəticəsində Azərbaycan dünya üzrə aparıcı ölkələrdən birinə çevrilib. Bu gün ölkədə yetişdirilən qoz-fındıq məhsullarının böyük hissəsi ixrac olunur və ölkəyə valyuta gətirir.

Prezidentin diqqət çəkdiyi mühüm məsələlərdən biri də kəndlərdən şəhərlərə axının qarşısının alınması idi. Son illərdə bütün dünyada urbanizasiya sürətlənir, insanlar kəndləri tərk edərək şəhərlərə üz tutur. Dövlət başçısı isə bildirdi ki, Azərbaycanın məqsədi şəhərlərdən kəndlərə qayıdış prosesini təmin etməkdir. Bunun üçün kəndlə şəhər arasındakı sosial fərqlər minimuma endirilməlidir. İnsanlar kəndlərdə rahat yaşamalı, müasir xidmətlərdən istifadə etməli, gələcəyini doğma torpaqda görməlidirlər.

Bu məqsədlə son illərdə bölgələrdə məktəblər, xəstəxanalar, sosial obyektlər tikilib. Prezident qeyd etdi ki, ölkədə məktəblərin böyük hissəsi əsaslı təmir olunub və bu proses davam edir. Sosial infrastrukturun gücləndirilməsi kənd həyatının cəlbediciliyini artıran əsas amillərdən biridir.

Çıxışda müasir texnologiyaların kənd təsərrüfatına tətbiqi məsələsi də xüsusi yer aldı. Prezident İlham Əliyev torpaq sahələrinin elektron xəritələrinin hazırlanmasını, süni intellekt və peyk texnologiyalarından istifadənin genişləndirilməsini vacib hesab etdi. Bu yanaşma göstərir ki, Azərbaycan aqrar sektoru müasir innovativ texnologiyalar əsasında inkişaf etdirmək niyyətindədir.

Torpaqdan səmərəli istifadə məsələsi də müşavirənin əsas mövzularından biri idi. Dövlət başçısı qeyd etdi ki, hər bir torpaq sahəsinin “pasportu” olmalıdır və hansı məhsulun harada daha səmərəli yetişdirilməsi dəqiq müəyyən edilməlidir. Bu isə məhsuldarlığın artırılmasına və fermerlərin daha çox qazanc əldə etməsinə imkan verəcək.

Prezident İlham Əliyev investorları kənd təsərrüfatına daha çox sərmayə yatırmağa çağırdı. Dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, sahibkarlara dəstək göstərilməsi və əlverişli biznes mühitinin yaradılması bu sahəyə marağı artırmalıdır. Xüsusilə soyuducu anbarların, istixana komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması gələcək inkişaf üçün böyük imkanlar açır.

Müşavirədə qeyd olundu ki, son illərdə ölkədə 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. Lakin bu sahədə ehtiyac hələ də qalır və əlavə 100 min tonluq infrastrukturun yaradılması nəzərdə tutulur. Bu isə kənd təsərrüfatı məhsullarının itkisiz saxlanılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır.

Prezidentin çıxışında su təminatı məsələsi də mühüm yer tutdu. İqlim dəyişiklikləri və qlobal su problemləri fonunda Azərbaycanın yeni su strategiyası formalaşdırılır. Müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin 130 min hektardan 300 min hektara çatdırılması qarşıya məqsəd kimi qoyulub. Bu isə məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Çıxışın əsas mesajlarından biri də ondan ibarət idi ki, kənd təsərrüfatı yalnız bugünkü ehtiyaclar üçün deyil, gələcək nəsillərin rifahı naminə inkişaf etdirilməlidir. Qarşıdakı illərdə həyata keçiriləcək Dövlət Proqramı Azərbaycanın aqrar sektorunda yeni mərhələnin əsasını qoyacaq. Dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində kənd təsərrüfatında daha böyük uğurlar əldə ediləcək.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan güclü kənd təsərrüfatı yaratmaqla iqtisadi müstəqilliyini daha da möhkəmləndirmək niyyətindədir. Güclü kənd isə güclü dövlət deməkdir. Azərbaycanın kəndlərinə göstərilən diqqət həm milli ənənələrə bağlılığın, həm də gələcəyə hesablanmış strateji siyasətin bariz nümunəsidir.

Ədalət Əhmədov

YAP Culfa rayon təşkilatının fəalı, partiya veteranı

Digər xəbərlər