Azərbaycan son onilliklər ərzində enerji sahəsində həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində regionun və dünyanın etibarlı tərəfdaşlarından birinə çevrilib. Zəngin təbii ehtiyatlardan səmərəli istifadə edən ölkəmiz enerji layihələri vasitəsilə dövlətlər arasında əməkdaşlığın genişlənməsinə, regional sabitliyin möhkəmlənməsinə və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Bu uğurların beynəlxalq ictimaiyyətə təqdim edilməsində Bakı Enerji Həftəsinin xüsusi rolu vardır. Əsası 1994-cü ildə qoyulan və Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq neft-qaz sərgiləri zaman keçdikcə qlobal enerji sənayesinin ən nüfuzlu platformalarından birinə çevrilib. Bu gün Bakı Enerji Həftəsi yalnız neft və qaz sektorunu deyil, həm də bərpaolunan enerji, enerji keçidi, rəqəmsal texnologiyalar, süni intellekt, logistika və sənaye sahələrini əhatə edən geniş əməkdaşlıq müstəvisi kimi çıxış edir. Bu il keçirilən Bakı Enerji Həftəsində dünyanın onlarla ölkəsindən yüzlərlə şirkətin iştirakı Azərbaycanın enerji sektoruna olan beynəlxalq marağın yüksək səviyyədə qaldığını bir daha təsdiqlədi. Xarici və yerli şirkətlərin fəal təmsil olunması həm ölkəmizin investisiya cəlbediciliyini, həm də milli biznes mühitinin inkişaf potensialını nümayiş etdirdi. Tədbir çərçivəsində təşkil olunan sərgilər və forumlar enerji bazarındakı yeni tendensiyaların müzakirəsi, innovativ həllərin təqdimatı və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı və proqram xarakterli çıxışı tədbirin əhəmiyyətini daha da artırdı. Dövlət başçısı çıxışında Azərbaycanın enerji siyasətinin keçdiyi inkişaf yoluna nəzər salaraq vurğuladı ki, ölkənin bugünkü iqtisadi gücü və beynəlxalq nüfuzu məhz düzgün müəyyən edilmiş strateji kursun nəticəsidir. Prezident qeyd etdi ki, müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib və bu baxımdan Azərbaycan etibarlı təchizatçı kimi öz öhdəliklərini uğurla yerinə yetirir. Azərbaycanın enerji tarixində dönüş nöqtəsi hesab edilən 1994-cü il “Əsrin müqaviləsi” ölkənin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Həmin dövrdə mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üzləşən Azərbaycan beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq quraraq öz təbii sərvətlərini milli maraqlar naminə səmərəli şəkildə dəyərləndirməyə başladı. Bu strategiya qısa müddətdə ölkəyə milyardlarla dollar investisiyanın cəlb olunmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə və iqtisadi sabitliyin təmin edilməsinə imkan yaratdı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası yalnız enerji sektorunun inkişafına deyil, bütövlükdə dövlət quruculuğu prosesinə mühüm təsir göstərdi. Sonrakı illərdə Dövlət Neft Fondunun yaradılması neft gəlirlərinin şəffaf və məqsədyönlü idarə olunmasına şərait yaratdı. Bu vəsaitlər hesabına həyata keçirilən sosial və iqtisadi layihələr ölkənin davamlı inkişafına, infrastrukturun yenilənməsinə və vətəndaşların rifahının yüksəldilməsinə xidmət etdi. Azərbaycanın enerji siyasətinin ən mühüm nailiyyətlərindən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Azərbaycan qazının geniş coğrafiyaya çatdırılmasına imkan verir. Son illərdə Azərbaycan qazını idxal edən ölkələrin sayının artması ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin daha da gücləndiyini göstərir. Bu gün Azərbaycan yalnız enerji ixrac edən dövlət deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyinin formalaşmasına təsir göstərən mühüm tərəfdaşdır.
Ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlər enerji siyasətinin uğurunun ən mühüm göstəricilərindən biridir. Xarici borcun minimum səviyyəyə endirilməsi, strateji valyuta ehtiyatlarının artırılması, yoxsulluq və işsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə azalması həyata keçirilən siyasətin səmərəsini nümayiş etdirir. Eyni zamanda, enerji gəlirləri hesabına müasir nəqliyyat infrastrukturu yaradılıb, beynəlxalq tranzit imkanları genişləndirilib və Azərbaycan mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Enerji sektorunda əldə olunan uğurlar ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində də mühüm rol oynayıb. Güclü iqtisadi baza Azərbaycan Ordusunun müasir standartlar səviyyəsində formalaşmasına imkan verib və nəticədə ölkəmiz öz ərazi bütövlüyünü bərpa edərək tarixi Zəfərə nail olub. Bu fakt bir daha göstərir ki, təbii sərvətlərdən düzgün istifadə dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin möhkəmlənməsinə xidmət edir.
Bu gün Bakı Enerji Həftəsi təkcə enerji sektorunun nailiyyətlərinin nümayiş etdirildiyi tədbir deyil. O, eyni zamanda gələcək əməkdaşlıqların qurulduğu, yeni layihələrin əsasının qoyulduğu və qlobal enerji gündəliyinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Azərbaycanın həyata keçirdiyi balanslı və praqmatik enerji siyasəti ölkənin beynəlxalq nüfuzunu daha da artırır, yeni tərəfdaşlıqların formalaşmasına şərait yaradır və ölkəmizin davamlı inkişafına xidmət edir.
Bakı Enerji Həftəsinin yaratdığı imkanlar göstərir ki, Azərbaycan enerji sahəsində qazandığı uğurları yeni mərhələyə daşımaq, yaşıl enerji keçidini sürətləndirmək və qlobal enerji təhlükəsizliyinə töhfələrini daha da genişləndirmək əzmindədir. Bu baxımdan tədbir ölkəmizin strateji hədəflərinin və beynəlxalq əməkdaşlıq potensialının mühüm göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri