Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı aqrar sektorun ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı bildirib ki, son illərdə həyata keçirilən islahatlar, dövlət dəstəyi mexanizmləri və infrastruktur layihələri kənd təsərrüfatının inkişafına ciddi töhfə verib.
Azərbaycan müstəqilliyinin ilk illərində ağır iqtisadi problemlərlə üzləşmişdi. Xüsusilə regionlarda vəziyyət çox mürəkkəb idi. Kəndlərdə qaz, işıq, su problemi hökm sürür, yollar yararsız vəziyyətdə qalırdı. İnsanların məşğulluq imkanları məhdud idi, kənd təsərrüfatı isə uzun illər diqqətdən kənarda qalmışdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2004-cü ildə qəbul edilən ilk Regional İnkişaf Proqramı məhz bu problemlərin həllinə yönəlmiş mühüm dövlət sənədi oldu. Həmin proqramın uğurlu nəticələri sonrakı illərdə də yeni regional inkişaf proqramlarının qəbul edilməsini zəruri etdi.
Müşavirədə kənd təsərrüfatı texnikası sahəsində daxili istehsalın və montaj xətlərinin qurulması məsələsinə də toxunulmuşdur ki, bu da ölkənin xarici bazarlardan asılılığını azaldan və yerli sənaye potensialını gücləndirən mühüm bir addımdır. Azərbaycanda fəaliyyət göstərən maşınqayırma zavodlarının və montaj müəssisələrinin imkanlarının genişləndirilməsi, aparıcı qlobal şirkətlərlə birgə istehsal sahələrinin yaradılması ölkəmizdə daxili tələbatın daha uyğun qiymətlərlə qarşılanmasına böyük imkanlar yaradır. Prezident cənab İlham Əliyev kənd təsərrüfatı sektorunun dinamik inkişafını təmin etmək üçün bütün dövlət qurumlarının, aidiyyəti nazirliklərin və özəl sektor nümayəndələrinin koordinasiyalı şəkildə fəaliyyət göstərməli olduğunu bildirmişdir.
Dövlət Proqramının ən mühüm xüsusiyyətlərindən biri balıqçılıq və akvakultura sahələrinin ayrıca inkişaf istiqaməti kimi müəyyən edilməsidir. Son illər dünyada akvakultura sürətlə inkişaf edən sahələrdən birinə çevrilmişdir. Bir çox ölkələrdə istehlak olunan balıq məhsullarının əhəmiyyətli hissəsi məhz süni yetişdirmə təsərrüfatlarından əldə edilir.
Azərbaycanın zəngin su ehtiyatları və əlverişli coğrafi mövqeyi bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Xəzər dənizi, çaylar, göllər və süni su hövzələri balıqçılıq təsərrüfatlarının genişləndirilməsi üçün əlverişli şərait formalaşdırır.
Hazırkı dövrdə əsas hədəflərdən birinin məhz işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı olduğunu nəzərə alsaq, bu ərazilərə qayıdacaq sakinlərin məşğulluğunun təmin edilməsi üçün həmin torpaqların malik olduqları iqtisadi potensialdan səmərəli istifadənin vacibliyi özünü daha aydın şəkildə nümayiş etdirir. Bütün bunların hamısı yeni Dövlət Proqramında qeyd edilib.
Nəticə etibarilə, respublikamızda həyata keçirilən aqrar siyasət kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm nəticələr verməkdədir. Dövlət dəstəyi, innovativ yanaşmalar və məqsədyönlü investisiyalar sayəsində aqrar sektor milli iqtisadiyyatın aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Qarşıdakı illərdə bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, respublikamızın iqtisadi gücünün və ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı