Bakı Enerji Həftəsinin və 31-ci Baku Energy Forumunun rəsmi açılışı mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin uğurlarını, ölkənin beynəlxalq enerji təhlükəsizliyində artan rolunu və yaşıl enerji sahəsində strateji hədəflərini bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı təkcə enerji sektorunun nəticələrinin təqdimatı deyil, həm də Azərbaycanın gələcək inkişaf kursunun əsas istiqamətlərini müəyyən edən mühüm siyasi və iqtisadi mesajlar toplusu kimi diqqəti cəlb etdi.
Prezident çıxışında vaxtilə Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoymasını, sonrakı illərdə isə bu təşəbbüs genişlənərək qlobal enerji platformasına çevrilməsini xüsusi olaraq vurğuladı. Bu fikir Azərbaycanın enerji sektorunun son otuz ildə keçdiyi inkişaf yolunun məntiqi yekunu kimi qiymətləndirilə bilər. Məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası nəticəsində Azərbaycan regionun əsas enerji mərkəzlərindən birinə çevrilib, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ğlkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycanın enerji strategiyasının mahiyyəti ondan ibarətdir ki, neft və qaz gəlirləri ölkədə sosial infrastrukturun qurulmasına, yoxsulluğun azaldılmasına, təhsil və səhiyyə sisteminin inkişafına, eyni zamanda müasir ordunun formalaşdırılmasına yönəldilib. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə son illərdə geosiyasi gərginliklərin artdığı şəraitdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirib.
Forum çərçivəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmır. Ölkəmiz həm də yaşıl enerji keçidində regional liderə çevrilməkdədir. Prezident İlham Əliyevin də söylədiyi kimi, 2032-ci ilin sonunadək Azərbaycanda günəş və külək enerjisi üzrə istehsal gücü 8 giqavata çatdırılacaq. Bu istiqamətdə Qara dəniz enerji kabeli, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji xətti və Mərkəzi Asiyadan yaşıl enerjinin nəqlini nəzərdə tutan layihələr enerji xəritəsində yeni mərhələnin başlanğıcı olacaq.
Dövlət başçısı hər zaman çıxışlarında Azərbaycanın enerji təcrübəsindən geniş bəhs edir və buçağırışı səsləndirir ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heçvaxt olmadığı qədər önəm daşıyır. Faktı budur ki, Azərbaycanın təbii qaz ixracı həm həcm, həm də coğrafiya baxımından genişlənir. Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldərək qeyd edib ki, ölkələrin sayı, əlbəttə, artacaq. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız, görərsiniz ki, biz dünyada birinciyik. Qlobal enerji təhlükəsizliyinə töhfəmiz artacaq.
Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərqə, Afrikaya və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.
Bu gün Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Dövlət başçısının sözləri ilə ifadə etsək, “bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir”. Dövlət başçısının vurğuladığı kimi, “mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir”. Buna baxmayaraq, Azərbaycan məsuliyyətli dövlət kimi yaşıl enerji layihələrinə böyük sərmayələr yatırır.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın uğurunun əsasında yalnız təbii sərvətlər deyil, düzgün strategiya, milli maraqlara söykənən siyasət, güclü liderlik və uzaqgörən dövlət idarəçiliyi dayanır. Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı, nəqliyyat dəhlizlərinin mərkəzi, regional əməkdaşlığın aparıcı qüvvəsi və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır.
Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji layihələrinə ayrılan diqqət sübut edir ki, Bakı həm ənənəvi, həm də bərpaolunan enerjinin sintezininin lokomotividir. Cənab Prezidentin də qeyd etdiyi kimi, COP29-a ev sahibliyi etməyimiz bu mövqeyin beynəlxalq səviyyədə təsdiqi, habelə qlobal səviyyətə qəbullanılması sayılmalıdır. ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı məktubda Azərbaycanı "regionda çox mühüm tərəfdaş" adlandırması da məhz bu zəmində şərh olunmalıdır və cənab Prezidentin yürütdüyü balanslaşdırılmış və qətiyyətli diplomatiyanın növbəti beynəlxalq etirafıdır.
Nazim Eyvazov,
YAP Şərur rayon təşkilatının Tənənənəm kənd Ərazi Partiya təşkilatının sədri
Limada yubiley sərgisi və xüsusi poçt buraxılışı təqdim olunub