Azərbaycan son illərdə qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən biri kimi beynəlxalq aləmdə xüsusi nüfuz qazanıb. Ölkəmizin təşəbbüsü və tərəfdaşlığı ilə həyata keçirilən irimiqyaslı enerji layihələri Avropanın enerji təchizatının şaxələndirilməsinə, regional əməkdaşlığın möhkəmlənməsinə və enerji bazarlarında etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşmasına əhəmiyyətli töhfə verib. Xəzər dənizinin zəngin enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətində atılan addımlar Azərbaycanın enerji diplomatiyasını beynəlxalq səviyyədə nümunəvi modelə çevirib.
2026-cı il iyunun 1-də Bakıda keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi də Azərbaycanın qlobal enerji gündəliyində tutduğu mühüm mövqeni bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, enerji şirkətlərinin rəhbərlərinin və ekspertlərin iştirak etdiyi tədbirdə enerji təhlükəsizliyi, yaşıl keçid, yeni texnologiyalar və beynəlxalq əməkdaşlıq məsələləri geniş müzakirə olundu.
Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq enerji siyasətinin aktual məsələlərinə toxunaraq son illərdə enerji sektoruna münasibətdə müşahidə olunan yanaşmaları dəyərləndirib. Dövlət başçısı qeyd edib ki,: “Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm. Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar”.
Prezidentin fikirləri enerji təhlükəsizliyi ilə iqlim gündəliyi arasında balansın qorunmasının vacibliyinə diqqət çəkir. Müasir dünyada enerji resurslarına tələbatın davam etdiyi bir dövrdə neft və qaz istehsalçısı ölkələrin qlobal iqtisadiyyatın inkişafına verdiyi töhfələrin obyektiv qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da bu baxımdan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də bərpaolunan enerji sahəsində yeni layihələrin təşəbbüskarı kimi çıxış edir.
Azərbaycanın beynəlxalq enerji bazarındakı rolu da çıxışın əsas istiqamətlərindən biri oldu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin yaratdığı enerji infrastrukturu bu gün Avrasiyanın ən mühüm enerji dəhlizlərindən birini formalaşdırır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu fakt Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş olduğunu göstərir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, qlobal enerji xəritəsində Azərbaycanın rolu hər il daha da güclənir və yeni yataqların işlənməsi bu mövqeyi daha da möhkəmləndirəcək.
Dövlət başçısının çıxışında diqqət çəkən digər mühüm məqam bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr oldu. Azərbaycan ənənəvi enerji resurslarına malik olmasına baxmayaraq, yaşıl enerji keçidinə böyük önəm verir. Gələn ilin sonuna qədər ölkədə günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı, Qara dəniz Enerji Kabeli layihəsi və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı Azərbaycanın gələcək enerji siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu layihələr ölkənin həm enerji ixracatçısı, həm də yaşıl enerji mərkəzi kimi mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi mənfəət əldə etmək məqsədi daşımır. Bu siyasət ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və logistika imkanlarının artırılmasına, həmçinin qlobal enerji təhlükəsizliyinə töhfə verməyə xidmət edir. Azərbaycanın son otuz ildə keçdiyi yol sübut edir ki, milli maraqlara söykənən strateji baxış, beynəlxalq tərəfdaşlıq və resursların səmərəli idarə olunması istənilən ölkəni regional güc mərkəzinə çevirə bilər. Bakı Enerji Həftəsi isə bu uğurlu modelin dünyaya təqdim olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi öz əhəmiyyətini daha da artırır.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini