PDF Oxu

Siyasət

  • 1 496

Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir

image

Prezident İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi diqqət çəkir. Dövlətimizin başçısı bu mötəbər tədbirdə Azərbaycanın enerji strategiyasının uğurlarından, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən və gələcək inkişaf perspektivlərindən bəhs edib.

Qlobal enerji sənayesinin nüfuzlu tədbirlərindən biri hesab olunan Bakı Enerji Həftəsinin əsası 1994-cü ilin sentyabr ayında keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi ilə qoyuldu. Həmin dövrdə beynəlxalq enerji şirkətlərinin ölkəmizə cəlb edilməsi, xarici investorlarla əməkdaşlıq platformasının yaradılması və enerji sektoruna böyük marağın formalaşdırılması strateji əhəmiyyət daşıyırdı. İlk sərgi həm də Azərbaycanın dünya enerji bazarına inteqrasiyasının başlanğıcı kimi tarixə düşdü. Sonrakı illərdə bu platforma sürətlə inkişaf edərək enerji sənayesinin aparıcı şirkətlərini, beynəlxalq maliyyə institutlarını, hökumət nümayəndələrini və ekspertləri bir araya gətirən qlobal tədbirə çevrildi. Burada aparılan müzakirələr, imzalanan müqavilələr və əldə olunan razılaşmalar ölkənin enerji siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm qərarların qəbuluna zəmin yaratdı. Məhz bu tədbirlər nəticəsində enerji sahəsində uzunmüddətli əməkdaşlıq modeli formalaşdı və Azərbaycan beynəlxalq enerji bazarının etibarlı aktorlarından biri kimi tanındı.Enerji sektorunda əldə olunan uğurlar ölkəmizin ümumi iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biri olub. Son illər ərzində formalaşdırılan iqtisadi model təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli idarə olunmasına, makroiqtisadi sabitliyin qorunmasına və uzunmüddətli inkişafın təmin edilməsinə əsaslanır. Bu yanaşma nəticəsində iqtisadiyyat xarici təsirlərə qarşı daha dayanıqlı olub və qlobal böhranlar dövründə belə sabit inkişaf tempini qoruyub saxlayıb. Aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycana investisiya dərəcəli qiymətlər verməsi iqtisadi siyasətə olan etimadın göstəricisidir. Xarici borcun aşağı səviyyədə saxlanılması, strateji valyuta ehtiyatlarının davamlı şəkildə artırılması və maliyyə sabitliyinin qorunması ölkənin iqtisadi təhlükəsizlik sisteminin mühüm elementlərinə çevrilib. Bu göstəricilər yalnız cari nailiyyətləri deyil, eyni zamanda gələcək nəsillər üçün möhkəm iqtisadi təməlin yaradıldığını nümayiş etdirir.Enerji resurslarından əldə edilən gəlirlər yalnız iqtisadi artım göstəricilərində deyil, dövlət quruculuğunun bütün istiqamətlərində öz əksini tapıb. Son illərdə həyata keçirilən genişmiqyaslı sosial proqramlar, yeni məktəblərin, xəstəxanaların, yol və nəqliyyat infrastrukturunun inşası məhz enerji sektorundan əldə olunan vəsaitlərin səmərəli istifadəsinin nəticəsidir. Bu vəsaitlər regionların sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəldilməsinə və müasir xidmət sisteminin formalaşdırılmasına mühüm töhfə verib. Eyni zamanda enerji gəlirləri müdafiə potensialının gücləndirilməsində də mühüm rol oynayıb. Müasir silah və texnologiyaların alınması, peşəkar ordu quruculuğu və müdafiə infrastrukturunun inkişafı üçün zəruri maliyyə imkanları yaradılıb. Bu baxımdan enerji siyasəti yalnız iqtisadi rifahın deyil, həm də milli təhlükəsizliyin və dövlət müstəqilliyinin möhkəmləndirilməsinin vacib komponentlərindən biri kimi çıxış edir.Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. Dünyanın müxtəlif bölgələrində baş verən geosiyasi gərginliklər, enerji bazarlarında müşahidə olunan dalğalanmalar və təchizat zəncirlərində yaranan risklər etibarlı tərəfdaşların rolunu daha da artırır. Azərbaycan uzun illər ərzində ardıcıl və praqmatik siyasət həyata keçirərək özünü qlobal enerji bazarının sabit və etibarlı aktoru kimi təsdiqləyib. Reallaşdırılan iri enerji layihələri təkcə hasilatın artırılmasına deyil, həm də yeni nəqliyyat marşrutlarının formalaşdırılmasına xidmət edib. Belə layihələr enerji resurslarının təhlükəsiz və şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çıxarılmasını təmin edib. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq: “Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir”.Son illər ərzində Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallığı fonunda Azərbaycan qazına olan tələbat da yüksəlib. Qaz ixrac edilən ölkələrin sayının artması enerji əməkdaşlığının genişləndiyini və ölkəmizin Avropa bazarında strateji tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini təsdiqləyir. Bu gün Azərbaycan qazı bir sıra dövlətlərin enerji balansında mühüm yer tutur və təchizatın etibarlılığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik: “Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq”.Bu gün SOCAR artıq regional şirkət statusunu geridə qoyaraq beynəlxalq enerji bazarının mühüm aktorlarından birinə çevrilib. Şirkətin müxtəlif qitələrdə həyata keçirdiyi layihələr, xarici bazarlara yatırdığı investisiyalar və beynəlxalq tərəfdaşlarla qurduğu əməkdaşlıq münasibətləri onun qlobal nüfuzunun artdığını nümayiş etdirir. SOCAR-ın fəaliyyətinin genişlənməsi ölkənin iqtisadi potensialının və enerji sektorunda əldə olunan təcrübənin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Xaricdə həyata keçirilən layihələr yalnız əlavə gəlir mənbələri yaratmır, eyni zamanda yeni texnologiyaların mənimsənilməsi, innovativ idarəetmə təcrübəsinin tətbiqi və beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu amillər gələcəkdə enerji sektorunun daha da modernləşdirilməsinə və rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Heydər Əsədov

Milli Məclisin deputatı

Digər xəbərlər