Hazırda Azərbaycan böyük miqyaslı qaz şəbəkəsinə malikdir. Azərbaycanın zəngin qaz ehtiyatları yalnız ölkənin daxili tələbatını deyil, həm də bir çox xarici ölkələrin enerji ehtiyacını qarşılayır və bunun nəticəsində ölkəyə yüksək gəlir qazandırır. Hər il dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, enerji şirkətlərinin rəhbərləri, investorlar və ekspertlər Bakıda bir araya gələrək qlobal enerji gündəliyinin əsas məsələlərini müzakirə edirlər. Bu tədbir yeni tərəfdaşlıqların qurulması, investisiya layihələrinin təqdim olunması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı Enerji Həftəsində aparılan müzakirələr, keçirilən görüşlər və irəli sürülən yeni təşəbbüslər gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradır. Burada əldə olunan razılaşmalar təkcə enerji sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə də müsbət təsir göstərir. Azərbaycan bu gün enerji təhlükəsizliyi sahəsində qlobal səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınır. Ölkəmizin həyata keçirdiyi layihələr regional əməkdaşlığın inkişafına, enerji bazarlarında sabitliyin qorunmasına və iqtisadi tərəqqinin təmin olunmasına mühüm töhfələr verir. Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları Azərbaycanın beynəlxalq enerji sistemində strateji mövqeyini daha da möhkəmləndirmişdir. Bu layihə ölkəmizin siyasi iradəsinin, iqtisadi gücünün və beynəlxalq əməkdaşlıq potensialının parlaq nümunəsidir. Azərbaycanın qazının 16 ölkəyə çatdırılması yalnız iqtisadi nailiyyət deyil, həm də ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhfənin göstəricisidir. Gələcək illərdə bu əməkdaşlıq formatının daha da genişlənəcəyi və Azərbaycanın enerji sahəsində lider mövqeyinin möhkəmlənəcəyi şübhə doğurmur.
Sunay Heydərova
YAP Şərur rayon təşkilatının fəal üzvü