Son illərdə Azərbaycan iqtisadi inkişafın davamlılığını təmin edən, makroiqtisadi sabitliyi qoruyan və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edən ölkələrdən biri kimi diqqət çəkir. Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühiti və maliyyə dayanıqlığının gücləndirilməsi ölkənin beynəlxalq iqtisadi mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir ki, bu da ölkəyə olan etimadın göstəricisidir.
2026-cı il iyunun 1-də Bakıda keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi Azərbaycanın iqtisadi və enerji sahəsində qazandığı nailiyyətlərin beynəlxalq platformada təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyıb. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrinin, enerji şirkətlərinin rəhbərlərinin və ekspertlərin qatıldığı tədbirdə qlobal enerji təhlükəsizliyi, investisiya imkanları və enerji keçidi ilə bağlı məsələlər müzakirə olunub.Açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəricilərinə toxunaraq ölkənin əldə etdiyi uğurları diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki; “Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur”. Prezidentin səsləndirdiyi bu fikirlər Azərbaycanın iqtisadi müstəqilliyinin və maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin nəticələrini əks etdirir. Xarici borcun aşağı səviyyədə saxlanılması, investisiya cəlbediciliyinin artması və sosial göstəricilərin yaxşılaşması ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu göstərir.
Düzgün enerji siyasəti Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verir. Otuz il bundan öncə ölkəyə investorlar cəlb edilirdisə, hazırda öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcəkdir. Bundan başqa, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları təqdim edir. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Həmçinin, “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı