"Rusiya-Ukrayna cəbhəsində hazırda yaşananlar əvvəlki dövrlərdə olduğu kimi qeyri-müəyyən şəraitdə davam edir. Yəni müharibənin nəticəsini dəqiq proqnozlaşdırmaq hələ də mümkün deyil. Çünki cəbhədə vəziyyət vaxtaşırı dəyişir. Məsələn, Rusiya müəyyən müddət ərzində üstünlüyü ələ alır, ardıcıl ağır zərbələr endirir və müəyyən irəliləyişlər əldə edir. Bu zaman Ukrayna tərəfi həm canlı qüvvə, həm texnika, həm də ərazi baxımından itkilər verir. Lakin bir müddət sonra Ukrayna yeni dəstək alır, əlavə texnika və maddi-texniki imkanlar əldə edir. Nəticədə cəbhə xəttində vəziyyət yenidən dəyişir və Ukrayna müəyyən qədər geriliyi aradan qaldıra bilir".Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.Onun sözlərinə görə, buna görə də hazırda cəbhədə vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır: "Nə Rusiya tam gücü ilə əməliyyatlarını həyata keçirə bilir, nə də Ukrayna təslim olacaq qədər zəifləyib. Hər iki tərəf müharibənin ilk günlərində olduğu kimi mübarizəni davam etdirir.Xüsusilə ABŞ-ın İran ətrafında həyata keçirdiyi son əməliyyatların gözlənilən nəticəni verməməsi Vaşinqtonu yenidən Şərqi Avropaya daha çox diqqət ayırmağa sövq edə bilər. Çünki ABŞ-da seçkilər yaxınlaşdıqca administrasiya müəyyən uğursuzluqları kompensasiya etməyə çalışacaq və Ukrayna cəbhəsi bunun üçün əlverişli istiqamətlərdən biri ola bilər. Ukraynaya hərbi və texniki dəstəyin artırılması vasitəsilə ABŞ həm də daxili auditoriyaya Ukraynanın müdafiəsinə töhfə verdiyini nümayiş etdirməyə çalışa bilər.Digər tərəfdən, Qərbi Avropa dövlətləri də Ukraynanın tam məğlubiyyətinə və Rusiyanın daha da güclənməsinə razı olmayacaqlar. Çünki bu, Avropanın təhlükəsizliyi məsələsinə çevrilə bilər. Rusiyanın Rumıniya ilə bağlı müzakirələrə səbəb olan addımları da Avropa ölkələrinə bir daha göstərdi ki, Rusiyanın həddindən artıq güclənməsi gələcəkdə daha geniş təhlükələr yarada bilər.Bu səbəbdən Avropa dövlətləri çalışacaqlar ki, Rusiya Ukrayna müharibəsində daha da güclənməsin və onun hərbi potensialı Ukrayna sərhədlərini aşacaq səviyyəyə çatmasın. Bütün bunlar onu deməyə əsas verir ki, bir müddət əvvəl vəziyyət Rusiyanın xeyrinə dəyişirmiş kimi görünsə də, hazırkı mərhələdə müəyyən amillər Ukraynanın xeyrinə işləyə bilər.Diqqət yetirsək, görərik ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı həm ABŞ-da, həm də Avropada səslənən bəzi tənqidlər əvvəlki dövrlərlə müqayisədə azalıb. Artıq onun legitimliyi məsələsi əvvəlki qədər gündəmdə deyil. Halbuki bir müddət əvvəl ABŞ-da və bəzi Avropa ölkələrində bu məsələ geniş müzakirə olunurdu.Bütün bunlar onu göstərir ki, yaxın dövrdə sülh və ya atəşkəs ehtimalı daha da azala bilər. Əksinə, Ukrayna əlverişli şərait yarandıqca işğal olunmuş ərazilərini geri qaytarmağa çalışacaq və diplomatik mövqeyini daha da sərtləşdirəcək. Rusiya isə öz növbəsində hesab edir ki, onun maraqlarına uyğun olmayan hər hansı razılaşma beynəlxalq nüfuzuna və təsir imkanlarına ciddi zərbə vura bilər. Buna görə də Moskvanın asanlıqla geri addım atacağı gözlənilmir.Bu amillər onu deməyə əsas verir ki, Ukrayna cəbhəsində hərbi əməliyyatlar davam edəcək və hətta daha da intensivləşə bilər. Tərəflər üstünlük qazanmaq üçün qarşılıqlı şəkildə daha ciddi zərbələr endirməyə çalışacaqlar. Yaxın aylarda Ukrayna cəbhəsində yeni hərbi fəallığın şahidi olmağımız mümkündür".
Müəllif: Günel Fərzəliyeva