Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı Azərbaycanın enerji siyasətinin müasir mərhələdə qarşısında duran vəzifələrin, beynəlxalq əməkdaşlıq istiqamətlərinin və uzunmüddətli inkişaf prioritetlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının tədbirdə səsləndirdiyi fikirlər ölkənin enerji strategiyasının yalnız milli maraqlara deyil, eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət etdiyini bir daha nümayiş etdirmişdir.
Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin mühüm nəticələrindən biri Xəzər hövzəsini beynəlxalq bazarlarla birləşdirən çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasıdır. Bu gün ölkəmiz Xəzər dənizinin şərq sahillərində yerləşən tərəfdaş dövlətlər üçün etibarlı tranzit məkanı rolunu oynayır. Mərkəzi Asiya ölkələrində hasil edilən enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması regionda iqtisadi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. Bu proses təkcə neft nəqli ilə məhdudlaşmır və yaxın perspektivdə təbii qaz sahəsində də yeni əməkdaşlıq imkanları yarada bilər. Bu gün Azərbaycan Avropa və Asiya arasında mühüm enerji körpüsü rolunu oynayır. Ölkəmiz tərəfindən həyata keçirilən layihələr bir çox dövlətlərin enerji təminatında mühüm əhəmiyyət daşıyır. Bakı Enerji Həftəsi də məhz bu əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm platforma hesab olunur.
Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji sahəsində hədəfləri də diqqət mərkəzindədir. Prezident İlham Əliyev günəş və külək enerjisi layihələrinin genişləndirilməsini, hidroenerji potensialının inkişafını, Qara dəniz Enerji Kabeli kimi regional bağlantı layihələrini və Xəzərdən Avropaya yaşıl enerji marşrutları üzrə əməkdaşlığı önə çəkdi. Bu istiqamətlər Azərbaycanın gələcək enerji sistemində yalnız karbohidrogen resurslarına deyil, eyni zamanda təmiz enerji mənbələrinə də əsaslanacağını göstərir. Qarabağ və Şərqi Zəngəzurda istifadəyə verilən hidroenerji gücləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Çıxışda enerji təhlükəsizliyinin bu gün beynəlxalq təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrildiyi vurğulanıb. Azərbaycan isə öz etibarlı tərəfdaş imici, sabit siyasi mühiti və uzunmüddətli enerji strategiyası ilə qlobal enerji bazarında mühüm rol oynamaqda davam edir. Prezident İlham Əliyev ölkənin həm karbohidrogen ehtiyatlarının səmərəli istifadəsi, həm də yaşıl enerji potensialının reallaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini diqqətə çatdırıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin iqtisadi inkişafını təmin etməklə yanaşı, beynəlxalq nüfuzunun artmasına da xidmət edir. Azərbaycanın həm ənənəvi enerji resursları, həm də yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr ölkəmizin gələcək inkişafının möhkəm əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Bakı Enerji Həftəsi çərçivəsində verilən mesajlar da bir daha göstərdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktorlardan biri olaraq öz mövqeyini daha da gücləndirir.
Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı