Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Dövlət Rəmzləri Muzeyində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanın dövlətçilik tarixi və Milli Qurtuluş yolu” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində iştirakçılar üçün muzeyə ekskursiya təşkil olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev və Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında çalışan fəal YAP üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər 15 İyun tarixinin Azərbaycan xalqının taleyindəki mühüm rolundan danışıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanmaqdan və daxili böhrandan xilas edib. Bu tarixi qayıdışla müasir dövlətçilik tariximizin şərəfli mərhələsinin və böyük qurtuluş yolunun təməli qoyulub.
Ekskursiya zamanı fəal partiya üzvləri Azərbaycanın müxtəlif dövrlərinə aid dövlət rəmzləri, xəritələr, bayraqlar və tarixi eksponatlarla yaxından tanış olublar. Bildirilib ki, bu cür ekskursiyalar dövlətçilik ənənələrinin və milli atributlara sevginin gənc nəslə aşılanmasında böyük əhəmiyyət daşıyır.