"İnformasiya texnologiyalarının sürətli inkişafı və hər kəsin bu texnologiyalardan geniş şəkildə istifadə imkanına malik olması müəyyən problemlərin də yaranmasına səbəb olur".Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, müasir dünya informasiya axınları ilə idarə olunur: "Lakin məlumatların əldə edilməsi ilə yanaşı, yanlış və ya qərəzli informasiyaların dövriyyəyə buraxılması ciddi risklər yaradır və mövcud problemləri daha da dərinləşdirir.Bu səbəbdən dünyanın əksər dövlətləri kimi Azərbaycan da informasiya və kibertəhlükəsizlik sahəsində mübarizəni gücləndirir. Dövlət bu istiqamətdə həm öz təcrübəsini formalaşdırır, həm də beynəlxalq qabaqcıl təcrübədən faydalanmağa çalışır.Kibertəhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması məqsədilə ölkəmizin ali təhsil müəssisələrində yeni ixtisaslar yaradılmışdır. Bu gün yerli mütəxəssislər Azərbaycanın informasiya məkanının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.Cənab Prezidentin bu sahə ilə bağlı son fərmanı bir daha göstərir ki, kibertəhlükəsizlik məsələləri dövlət başçısının daim diqqət mərkəzindədir. Görülən bu tədbirlər mövcud çağırışlara cavab vermək və gələcək risklərə hazırlığı gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır".
Müəllif: Günel Fərzəliyeva