İyunun 1-də Bakıda keçirilən Bakı Enerji Həftəsinin açılış mərasimi bir daha göstərdi ki, Azərbaycan qlobal enerji gündəliyində mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxışı zamanı ölkəmizin enerji sektorunda əldə etdiyi nailiyyətlərdən, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsindən və gələcək perspektivlərdən danışıb. Dövlət başçısı qeyd edib ki, uzun illər ərzində həyata keçirilən düşünülmüş enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
Prezident İlham Əliyev vurğulayıb ki, enerji təhlükəsizliyi bu gün bir çox ölkələrin milli təhlükəsizlik məsələsinə çevrilib. Belə bir şəraitdə Azərbaycanın təchizatçı ölkə kimi üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan enerji layihələri təkcə iqtisadi əhəmiyyət daşımır, eyni zamanda dövlətlər arasında etimadın və əməkdaşlığın güclənməsinə xidmət edir.
Dövlətimizin başçısı çıxışında bərpaolunan enerji mənbələrinin inkişafının da Azərbaycanın prioritetləri sırasında olduğunu diqqətə çatdırıb. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması, günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ölkəmizin gələcəyə hesablanmış enerji strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq Azərbaycanın yaşıl enerji keçidinə ciddi töhfə verir.
Bu gün Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Burada aparılan müzakirələr, əldə olunan razılaşmalar və irəli sürülən təşəbbüslər enerji sektorunun gələcək inkişafına mühüm təsir göstərir. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir ölkəmizin beynəlxalq nüfuzunun və enerji sahəsində lider mövqeyinin növbəti təsdiqi kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan enerji resurslarından səmərəli istifadə etməklə yanaşı, qlobal enerji təhlükəsizliyinə töhfə verən, yeni çağırışlara uyğun siyasət həyata keçirən və gələcəyə inamla baxan dövlətdir. Enerji sahəsində əldə olunan uğurlar ölkəmizin iqtisadi qüdrətinin artmasına və beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı