Prezident İlham Əliyevin 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirdiyi mühüm məzmunlu çıxış Azərbaycanın qlobal enerji və nəqliyyat xəritəsində tutduğu strateji mövqeni bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan yalnız zəngin enerji ehtiyatlarına malik ölkə deyil, həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Son illərdə dünyada baş verən geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda Azərbaycanın təşəbbüsü və iştirakı ilə formalaşan nəqliyyat və enerji marşrutlarının əhəmiyyəti daha da artmışdır.
Prezident İlham Əliyev qeyd etdi ki, qlobal ticarət əlaqələrinin genişlənməsi, yeni bazarlara çıxış imkanlarının artması və təchizat zəncirlərinin təhlükəsizliyinin təmin olunması baxımından Şərq-Qərb dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Bu dəhliz Asiya ilə Avropa arasında ən qısa və etibarlı marşrutlardan biri olmaqla yanaşı, iştirakçı dövlətlərin iqtisadi inkişafına, regional əməkdaşlığın möhkəmlənməsinə və beynəlxalq inteqrasiyanın dərinləşməsinə xidmət edir. Azərbaycanın bu layihədə oynadığı rol isə yalnız tranzit ölkə funksiyası ilə məhdudlaşmır. Ölkəmiz həm də layihələrin təşəbbüskarı, maliyyə dəstəkçisi və etibarlı tərəfdaşı kimi çıxış edir.
Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər ərzində regionun ən iri enerji və nəqliyyat layihələri uğurla reallaşdırılmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Azərbaycanın enerji diplomatiyasının mühüm nailiyyətləri olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Bu layihələr sayəsində Azərbaycan özünü etibarlı enerji təchizatçısı kimi təsdiqləyərək beynəlxalq tərəfdaşlarının etimadını qazanmışdır.
Enerji infrastrukturu ilə yanaşı, ölkəmiz nəqliyyat-logistika sahəsində də mühüm uğurlara imza atmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil yolları və logistika mərkəzləri Azərbaycanın beynəlxalq yükdaşımalar sistemində rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirərək tərəfdaş ölkələr üçün etibarlı tranzit mühiti formalaşdırmışdır. Bunun nəticəsidir ki, son illərdə Orta Dəhliz üzrə daşınan yüklərin həcmi sürətlə artmış, Azərbaycanın tranzit imkanlarına maraq daha da yüksəlmişdir.
Dövlət başçısı çıxışında xüsusi olaraq qeyd etdi ki, hazırda Azərbaycanın enerji siyasəti yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Ölkə paralel olaraq yaşıl enerji sahəsinin inkişafına da böyük önəm verir. Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan böyük külək enerjisi potensialı, günəş enerjisi layihələri və digər bərpa olunan enerji mənbələrinin inkişafı gələcək illərin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirməklə yanaşı, qlobal enerji keçidinə verdiyi töhfəni də artıracaqdır.
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Qara dənizdən keçəcək yaşıl enerji kabeli layihəsi də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Gələcəkdə ölkəmizdə istehsal ediləcək yaşıl enerjinin Avropa bazarlarına ixracı Azərbaycanın enerji tərəfdaşlığında yeni mərhələnin başlanğıcını qoyacaq. Beləliklə, Şərq-Qərb dəhlizi təkcə neft və qazın deyil, eyni zamanda bərpa olunan enerji resurslarının da daşınmasını təmin edən strateji platformaya çevriləcəkdir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı etibarlı tərəfdaş statusu ilə bağlı idi. Dövlət başçısı vurğuladı ki, ölkəmiz bütün tərəfdaşları ilə qarşılıqlı hörmət, etimad və milli maraqların uzlaşdırılması prinsipləri əsasında əməkdaşlıq edir. Məhz bu yanaşma Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq layihələrin uğurla həyata keçirilməsini təmin edən əsas amillərdən biridir.
Bu gün Şərq-Qərb nəqliyyat və enerji dəhlizi yalnız iqtisadi layihə deyil, eyni zamanda regional sabitliyin və təhlükəsizliyin mühüm təminatçılarından biridir. Layihədə iştirak edən ölkələr arasında qarşılıqlı asılılıq və ortaq maraqların formalaşması əməkdaşlığın daha da möhkəmlənməsinə, bölgədə sülh və inkişaf mühitinin güclənməsinə xidmət edir. Azərbaycanın bu prosesdə oynadığı lider rol isə ölkəmizin beynəlxalq nüfuzunun artmasının və qlobal əhəmiyyətli təşəbbüslərin mərkəzində yer almasının bariz göstəricisidir.
Azərbaycan qlobal enerji və nəqliyyat siyasətinin formalaşmasında mühüm söz sahibidir. Prezident İlham Əliyevin uzaqgörən strategiyası nəticəsində ölkəmiz həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm də beynəlxalq nəqliyyat marşrutlarının inkişafında aparıcı mövqeyini qoruyur. Bu siyasət Azərbaycanın gələcək illərdə də Şərq-Qərb dəhlizinin əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış etməsini və qlobal iqtisadi inteqrasiya proseslərinə mühüm töhfələr verməsini təmin edəcəkdir.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı