Son onilliklər ərzində dünya enerji sistemində köklü dəyişikliklər baş verir. Yaşıl enerjiyə keçid prosesinin sürətlənməsi, beynəlxalq geosiyasi gərginliklərin artması və ənənəvi enerji ehtiyatlarının tədricən azalması fonunda dövlətlər etibarlı və uzunmüddətli enerji tərəfdaşlarına daha çox ehtiyac duyurlar. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan təkcə regionun deyil, bütövlükdə Avropa və Avrasiya məkanının enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi ön plana çıxır. Ölkə rəhbərliyinin də vurğuladığı kimi, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları qarşıdakı ən azı yüz il ərzində həm daxili tələbatın, həm də tərəfdaş ölkələrin enerji ehtiyaclarının ödənilməsinə imkan verir. Bu isə sadəcə optimist yanaşma deyil, zəngin resurs bazasına, geniş enerji infrastrukturuna və strateji planlaşdırmaya əsaslanan reallıqdır.
Bu günlərdə uğurla başa çatan Bakı Enerji Həftəsi növbəti dəfə regionun ən nüfuzlu beynəlxalq enerji platformalarından biri olduğunu nümayiş etdirdi. Ənənəyə uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin tədbir çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un açılış mərasimində iştirakı bu tədbirlərin qlobal əhəmiyyətini bir daha təsdiqlədi.
Enerji Həftəsinin əsas hissəsini təşkil edən neft və qaz sərgisi təsadüfi olaraq “Əsrin müqaviləsi”nin xəbərçisi adlandırılmır. Belə ki, ilk sərginin keçirildiyi 1994-cü ildə Azərbaycanın Xəzər sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı tarixi müqavilənin imzalanmasına cəmi bir neçə ay qalırdı. Həmin dövrdə danışıqlar davam etdiyindən yekun qərar hələ məlum deyildi. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində Bakıda ilk beynəlxalq neft-qaz sərgisi təşkil olundu və bu tədbir Azərbaycanın enerji potensialının dünyaya təqdim edilməsində mühüm rol oynadı.
Prezident İlham Əliyev builki sərginin açılışında çıxışı zamanı qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji strategiyasının əsasını qoyub. Onun sözlərinə görə, zaman keçdikcə tədbir daha da genişlənərək bugünkü Bakı Enerji Həftəsi formatına çevrilib. Dövlət başçısı həmçinin xatırladıb ki, dünyanın ən böyük qaz yataqlarından biri hesab olunan “Şahdəniz” layihəsi üzrə müqavilənin imzalanmasından 30 il ötür. Bu müqavilə Azərbaycanın qaz sənayesində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqelərini də əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Prezident İlham Əliyev çıxışında ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları məktubların Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzunun göstəricisi olduğunu da xüsusi vurğulayıb. Bu fakt tədbirin artıq qlobal enerji gündəliyinin formalaşmasında mühüm rol oynadığını göstərir.
1994-cü ildə keçirilən ilk sərginin Azərbaycanın ümumi inkişaf tarixində mühüm dönüş nöqtəsi olduğu danılmazdır. Həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan hələ beynəlxalq ictimaiyyətə kifayət qədər tanış deyildi. Ölkənin zəngin karbohidrogen ehtiyatları barədə əsasən mütəxəssislər məlumatlı idilər. İlk sərgi sayəsində isə Azərbaycanın enerji imkanları geniş biznes dairələrinə təqdim edildi və ölkəyə maraq əhəmiyyətli dərəcədə artdı. Bunun nəticəsi olaraq bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı və ölkənin iqtisadi inkişafında yeni mərhələ başlandı.
Bu il Bakı Enerji Həftəsində dünyanın 44 ölkəsindən 274 şirkətin iştirak etməsi tədbirin beynəlxalq miqyasının göstəricisidir. İlk illərdə cəmi 20 ölkənin təmsil olunduğu sərginin bu gün qlobal enerji sənayesinin əsas görüş məkanlarından birinə çevrilməsi təsadüfi deyil. Bunun əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi enerji siyasəti dayanır. Azərbaycanın yaratdığı etibarlı tərəfdaşlıq mühiti, beynəlxalq əməkdaşlıq platformaları və ölkənin artan nüfuzu Bakı Enerji Həftəsini enerji sektorunun ən aktual məsələlərinin müzakirə edildiyi aparıcı platformalardan birinə çevirib.
Bu tədbir yalnız enerji sahəsində əməkdaşlığın genişlənməsinə xidmət etmir, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin güclənməsinə və uğurlarının dünyaya nümayiş etdirilməsinə mühüm töhfə verir. Burada əldə olunan yeni əlaqələr, təqdim olunan innovativ layihələr və imzalanan sənədlər gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakı Enerji Həftəsi artıq qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni əməkdaşlıq mexanizmlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma statusu qazanıb. Dünya hazırda ənənəvi enerji modelindən daha dayanıqlı, aşağı karbon emissiyalarına əsaslanan və innovativ texnologiyalarla dəstəklənən yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir dövrdə Azərbaycanın həm ənənəvi enerji resurslarının təminatçısı, həm də yaşıl enerji təşəbbüslərinin fəal iştirakçısı kimi qlobal enerji dialoqundakı mövqeyi getdikcə daha da möhkəmlənir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı