İyunun 8-də YAP Samux rayon təşkilatı tərəfindən İnstitut qəsəbə ərazi partiya təşkilatında 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Xalqın böyük oğlu” mövzusunda tədbir keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib, sabitlik və inkişafın möhkəm təməlini formalaşdırıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, Azərbaycan daha da güclənərək beynəlxalq aləmdə nüfuzunu artırır.
Daha sonra tədbirdə iştirak edən İnstitut qəsəbə ta orta məktəbin direktoru Natiq Əmirov və partiya üzvləri Aygün Abbasova, Sevil Vəkilova, Züleyxa Namazova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində misilsiz xidmətlərindən bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Heydər Əliyevin zəngin siyasi irsi bu gün də Azərbaycan xalqı üçün etibarlı inkişaf yoludur və gələcək nəsillər üçün örnək olaraq qalır.
Çıxışlarda Milli Qurtuluş Gününün xalqımızın müstəqillik tarixində xüsusi yer tutduğu, ölkədə siyasi sabitliyin və sosial-iqtisadi inkişafın əsasının məhz həmin dövrdə qoyulduğu diqqətə çatdırılıb.