“Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi ən mühüm sosial siyasət istiqamətlərindən biridir. Bu sahədə görülən işlərin miqyası xüsusilə diqqətəlayiqdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.Onun sözlərinə görə, dövlət tərəfindən 121 yeni qəsəbə və hündürmərtəbəli yaşayış kompleksinin inşa edilərək istifadəyə verilməsi nəticəsində 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 mindən artıq vətəndaşın mənzil-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb:“Bu layihələr yalnız insanların mənzil probleminin həllinə xidmət etməyib, eyni zamanda onların sosial rifahının yüksəldilməsinə, məşğulluq imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasının güclənməsinə mühüm töhfə verib. Uzun illər doğma yurdlarından didərgin düşmüş insanların rahat və müasir yaşayış şəraiti ilə təmin olunması dövlətin öz vətəndaşlarına göstərdiyi yüksək qayğının bariz nümunəsidir.Bu siyasət nəticəsində məcburi köçkünlərin sosial müdafiəsi sahəsində Azərbaycan beynəlxalq səviyyədə də nümunəvi təcrübə formalaşdırıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının həyata keçirildiyi bir dövrdə bu istiqamətdə görülən işlər dövlətin sosial ədalətə və vətəndaş rifahına verdiyi önəmi bir daha nümayiş etdirir. Məcburi köçkün ailələrinin rifahının yüksəldilməsi istiqamətində atılan addımlar ölkənin sosial inkişaf strategiyasının uğurlu nəticələrindən biridir.
Bütün bunlar, birbaşa dövlət başçımız cənab İlham Əliyevin yorulmaz əməyinin, güclü iradəsinin və hər bir Azərbaycan vətəndaşına verdiyi qiymətin nəticəsidir”.
Müəllif: Arzu Qurbanlı