1 iyun 2026-cı il tarixində Bakı Enerji Həftəsinin rəsmi açılışı enerji sektorunun aparıcı nümayəndələrini, beynəlxalq şirkətləri, investorları, dövlət rəsmilərini və ekspertləri bir araya gətirən mühüm platforma kimi diqqət mərkəzində olub. Uzun illərdir ki, Bakı Enerji Həftəsi Xəzər regionunun ən nüfuzlu enerji tədbirlərindən biri hesab edilir və qlobal enerji bazarında baş verən dəyişikliklərin müzakirəsi üçün vacib imkan yaradır. Enerji əməkdaşlığının strateji platforması olan Bakı Enerji Həftəsi yalnız neft və qaz sənayesini əhatə edən tədbir deyil. Son illərdə forumun gündəliyinə bərpa olunan enerji, enerji keçidi, yaşıl texnologiyalar, karbon emissiyalarının azaldılması və enerji təhlükəsizliyi kimi mövzular da daxil edilib. Bu baxımdan tədbir ənənəvi enerji resursları ilə yeni enerji mənbələri arasında körpü rolunu oynayır. Azərbaycanın enerji strategiyası ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə yanaşı, alternativ və bərpa olunan enerji sahəsində də genişmiqyaslı layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bakı Enerji Həftəsi məhz bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əlverişli mühit formalaşdırır.
Azərbaycanın enerji siyasətinin təqdimatı sayılan tədbirin əsas məqamlarından biri Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlərin beynəlxalq auditoriyaya təqdim olunmasıdır. Son onilliklər ərzində ölkə regional enerji layihələrinin təşəbbüsküsü və etibarlı tərəfdaşı kimi tanınıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi və digər strateji layihələr Azərbaycanın Avropa və dünya enerji təhlükəsizliyində rolunu əhəmiyyətli dərəcədə artırıb. Bakı Enerji Həftəsi bu uğurların nümayiş etdirilməsi və gələcək perspektivlərin müzakirəsi üçün mühüm imkan yaradır.
Müasir dövrdə qlobal enerji gündəliyinin əsas mövzularından biri Yaşıl enerji və enerji keçididir. İqlim dəyişiklikləri ilə mübarizə, emissiyaların azaldılması və təmiz enerji mənbələrinin inkişafı beynəlxalq siyasətin prioritet istiqamətlərinə çevrilib. Azərbaycan da bu prosesdən kənarda qalmır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi, külək və günəş enerjisi layihələrinin reallaşdırılması ölkənin enerji strategiyasında yeni mərhələnin başlanğıcını göstərir. Bakı Enerji Həftəsi çərçivəsində bu sahədə fəaliyyət göstərən beynəlxalq şirkətlər, investorlar və texnologiya təminatçıları arasında əməkdaşlıq imkanlarının müzakirə olunması xüsusi əhəmiyyət daşıyır.
Bunlarla yanaşşı bu tədbir beynəlxalq investorlar üçün yeni imkanlar yaradır desək yanılmarıq. Enerji sektorunda iri investisiyalar uzunmüddətli sabitlik, əlverişli biznes mühiti və etibarlı tərəfdaşlıq tələb edir. Azərbaycan bu istiqamətdə formalaşdırdığı təcrübə sayəsində xarici investorlar üçün cəlbedici ölkələrdən biri kimi qiymətləndirilir. Bakı Enerji Həftəsi zamanı keçirilən sərgilər, panel müzakirələri və ikitərəfli görüşlər investorların yeni layihələrlə tanış olmasına, tərəfdaşlıqlar qurmasına və regional bazarın perspektivlərini qiymətləndirməsinə şərait yaradır.
Regional və qlobal enerji təhlükəsizliyi nəzər salsaq görərik ki, son illərdə enerji təhlükəsizliyi dünya siyasətinin əsas mövzularından birinə çevrilib. Enerji təchizatının şaxələndirilməsi, yeni marşrutların yaradılması və dayanıqlı enerji sistemlərinin qurulması həm istehsalçı, həm də istehlakçı ölkələr üçün prioritet məsələlər sırasındadır. Azərbaycan bu sahədə mühüm tranzit və təchizatçı ölkə kimi çıxış edir. Bakı Enerji Həftəsi isə müxtəlif dövlətlər və şirkətlər arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün dialoq platforması rolunu oynayır.
Bakı Enerji Həftəsi 2026 enerji sektorunun aktual çağırışlarının, yeni texnologiyaların və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu mühüm beynəlxalq tədbir kimi əhəmiyyət daşıyır. Azərbaycanın enerji siyasəti, regional layihələrdə iştirakı və yaşıl enerji istiqamətində atdığı addımlar ölkənin qlobal enerji xəritəsində mövqeyini daha da gücləndirir. Bu tədbir bir daha göstərir ki, Bakı yalnız enerji resurslarının istehsalı və ixracı mərkəzi deyil, həm də beynəlxalq enerji dialoqunun formalaşdığı mühüm platformalardan biridir. Bu isə Azərbaycanın enerji sahəsində uzunmüddətli strateji hədəflərinə nail olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nərminə Qədirova
YAP Nərimanov rayon təşkilatının əməkdaşı