"Azərbaycan minifutbol milli komandasının Avropa çempionu olması ölkə idman tarixində əlamətdar hadisədir. Prezident İlham Əliyevin milli komandanı bu möhtəşəm uğur münasibətilə təbrik etməsi isə dövlətin idmanın inkişafına verdiyi yüksək önəmin və idmançıların əldə etdiyi nailiyyətlərə göstərilən diqqətin növbəti təzahürüdür".Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.Onun sözlərinə görə, son illər Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verməkdədir: "Ölkədə müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların keçirilməsi, gənclərin idmana cəlb olunması və peşəkar idmançılara göstərilən dəstək Azərbaycanı regionun aparıcı idman mərkəzlərindən birinə çevirib. Minifutbol üzrə Avropa çempionluğu da bu siyasətin uğurlu nəticələrindən biridir.Bu qələbənin əhəmiyyəti təkcə qazanılan kubokla məhdudlaşmır. İlk növbədə, əldə olunan nəticə Azərbaycanda minifutbolun inkişafına yeni impuls verir.Ümumiyətlə, son illərdə ölkədə minifutbola marağın artması müşahidə olunur. Avropa çempionluğu isə bu idman növünün daha geniş auditoriyaya çatmasına və yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır. Uğurlu nəticələr bütün idman növlərinin cəlbediciliyini artırır.Xüsusilə gənclər üçün bu uğurun xüsusi əhəmiyyəti var. Çempion komandanın nailiyyəti minlərlə yeniyetmə və gənc üçün motivasiya mənbəyidir. İdmanda qazanılan böyük uğurlar göstərir ki, əzmkarlıq, peşəkarlıq və komanda ruhu ilə beynəlxalq arenada ən yüksək nəticələrə nail olmaq mümkündür. Bu isə sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtının səmərəli təşkili və onların idmana marağının artırılması baxımından mühüm rol oynayır.Avropa çempionluğu Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsi baxımından da əhəmiyyətli hadisədir. Bu gün Azərbaycan artıq təkcə iri beynəlxalq yarışlara ev sahibliyi edən ölkə olmaqla yanaşı, eyni zamanda müxtəlif idman növlərində uğurlu nəticələr əldə edən dövlət kimi tanınır. Minifutbol üzrə Avropa çempionluğu ölkəmizin idman potensialını bir daha nümayiş etdirdi və Azərbaycan bayrağının qitə səviyyəsində ən yüksək pillədə dalğalanmasına imkan yaratdı. Bu uğur həm də ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir. Beynəlxalq arenada əldə olunan qələbələr ölkələrin tanıdılması, milli həmrəyliyin gücləndirilməsi və müsbət ictimai rəyin formalaşdırılması baxımından mühüm vasitəyə çevrilib. Azərbaycan idmançılarının qazandığı hər bir uğur ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir".
Müəllif: Günel Fərzəliyeva