Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Samux rayonu üzrə Təhsil Sektorunun nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyinin qorunub saxlanılmasını təmin etmişdir. Vurğulayıb ki, bu gün gənc nəslin Milli Qurtuluşun tarixi əhəmiyyətini dərindən öyrənməsi və vətənpərvərlik ruhunda yetişməsi mühüm vəzifələrdəndir.
Tədbirdə çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova qeyd edib ki, Azərbaycan dövlətçiliyinin xilası və inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf edir, əldə olunan uğurlar Milli Qurtuluş ideyalarının uğurlu davamının nəticəsidir.
Daha sonra rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən rəsm işlərində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın inkişaf yolu, dövlətçilik ənənələri və vətənpərvərlik mövzuları geniş əks olunub. Tədbir iştirakçıları şagirdlərin yaradıcılıq nümunələrini yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, rəsm sərgisində qalib gələn şagirdlərə diplom və qiymətli hədiyyələrin Milli Qurtuluş Günü münasibətilə keçiriləcək ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.