PDF Oxu

Siyasət

  • 2 670

Azərbaycanın qurtuluş yolunun başlanğıcı - ŞƏRH

image

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın gələcəyə inamının bərpa olunması baxımından dönüş nöqtəsi hesab edilir.

XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etsə də, ölkədə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və daxili qarşıdurmalar hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, ölkədə hakimiyyət böhranı yaranmışdı. 1993-cü ilin iyun ayında vəziyyət daha da gərginləşmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb şəraitdə xalq öz xilaskarını görkəmli dövlət xadimi Heydər Əliyevdə gördü.
Xalqın təkidli tələbi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu və 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu hadisə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gündən etibarən Azərbaycanda sabitliyin təmin olunması, dövlət institutlarının gücləndirilməsi və milli birliyin bərpası istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət müstəqilliyi qorundu və inkişaf üçün möhkəm təməl yaradıldı.
Milli Qurtuluş Günü yalnız bir tarixi hadisənin ildönümü deyil, həm də Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün ölkəmizin müasir inkişaf yolunun başlanğıcı kimi qiymətləndirilir. Sonrakı illərdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi və dövlət quruculuğu sahəsində əldə olunan uğurlar məhz həmin dövrdə qoyulan möhkəm əsaslara söykənmişdir.
Bu gün Azərbaycan müstəqil, güclü və nüfuzlu dövlət kimi inkişaf edir. Əldə olunan nailiyyətlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini bir daha təsdiqləyir. 15 İyun Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilası, milli birliyin bərpası və gələcəyə aparan yolun başlanğıcı kimi əbədi yaşayacaqdır.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər