PDF Oxu

Siyasət

  • 1 278

Qurtuluşdan Zəfərə: Azərbaycanın inkişaf yolunun başlanğıcı - ŞƏRH

image

Azərbaycan xalqının müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü xüsusi və taleyüklü əhəmiyyətə malikdir. Bu tarix təkcə siyasi dəyişiklik deyil, həm də dövlətçiliyimizin qorunması, müstəqilliyimizin xilas edilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından dönüş nöqtəsidir. Məhz 1993-cü il 15 iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bununla da ölkəmiz ağır böhrandan xilas yoluna qədəm qoydu.

Müstəqilliyin ilk illəri Azərbaycan üçün olduqca mürəkkəb və təhlükəli dövr idi. Dövlət idarəçiliyində ciddi boşluqlar, siyasi qarşıdurmalar, iqtisadi tənəzzül və xaos ölkənin gələcəyini sual altına qoymuşdu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir, ölkə daxilində isə qeyri-sabitlik dərinləşirdi. Belə bir vəziyyətdə dövlətin mövcudluğu və müstəqilliyin qorunması üçün güclü, nüfuzlu və təcrübəli siyasi liderə ehtiyac yaranmışdı.
Xalqın iradəsi ilə Bakıya dəvət olunan Heydər Əliyev ölkənin taleyini dəyişən tarixi missiyanı üzərinə götürdü. O, Ali Sovetin Sədri seçildikdən sonra çıxışında Azərbaycan xalqı qarşısında böyük məsuliyyət hissi ilə ölkəni bu ağır vəziyyətdən çıxarmaq, dövlətçiliyi möhkəmləndirmək, qanunçuluğu bərpa etmək və sabitlik yaratmaq öhdəliyini bəyan etdi. Ulu Öndər andına sadiq qalaraq, qısa müddətdə ölkədə siyasi sabitliyin təmin olunması və dövlət institutlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atdı.
Milli Qurtuluşun rəmzləri kimi tarixə düşən bu mərhələ xalq–lider birliyinin möhkəmlənməsi, dövlətçilik ideyalarının güclənməsi və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi ilə yadda qaldı. Məhz həmin dövrdə atılan addımlar sonradan ölkəmizin sosial-iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artmasının və güclü dövlət modelinin formalaşmasının əsasını qoydu.
Ulu Öndərin müəyyən etdiyi strateji kurs Azərbaycanın gələcək tarixi qələbələrinə aparan yol oldu. Bu yolun ən parlaq nəticələrindən biri 44 günlük İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm Zəfərdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli qürurumuzun təntənəsi kimi tarixə düşdü. Həmin Zəfər göstərdi ki, 15 İyun – Milli Qurtuluş Günündə əsası qoyulan dövlətçilik xətti müasir dövrdə öz bəhrəsini vermişdir.
Prezident İlham Əliyevin dediyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”
Bu gün Azərbaycan 15 İyun – Milli Qurtuluş Gününün verdiyi tarixi irsin üzərində inkişaf edir. Ölkəmiz sabitlik, güclü iqtisadiyyat, güclü ordu və beynəlxalq nüfuzla seçilən müasir dövlətə çevrilmişdir. Milli Qurtuluş Günü təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyə inamın, dövlətçiliyə sədaqətin və milli birliyin simvoludur.
Nəticə etibarilə, 15 İyun Azərbaycan tarixində sadəcə bir gün deyil, dövlətimizin xilas olunduğu, inkişaf yolunun müəyyənləşdirildiyi və böyük qələbələrə aparan strateji xəttin başladığı müqəddəs bir tarixdir. Bu günün rəmzi mahiyyəti ondan ibarətdir ki, xalqın iradəsi, liderin uzaqgörənliyi və dövlətçilik ənənələri birləşərək Azərbaycanı güclü və qalib bir ölkəyə çevirmişdir.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər