PDF Oxu

Siyasət

  • 687

“Milli Qurtuluşdan Zəfərə Aparan Yol” - FOTO

image

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Abşeron rayonun Masazır qəsəbəsində fəaliyyət göstərən 7 nömrəli tam orta məktəbində “Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Sevda Bayramova və digər çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycanı parçalanmaq, vətəndaş qarşıdurması və dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edib. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik və inkişafın əsası qoyulub, müstəqil Azərbaycan dövləti möhkəm təməl üzərində qurulub.

Bildirilib ki, Ulu Öndər özündən sonra xalqımıza güclü siyasi məktəb və layiqli siyasi davamçı miras qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək onu dövrün tələblərinə uyğun şəkildə daha da zənginləşdirib. Dövlət başçısının qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edib, üçrəngli Dövlət Bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda qürurla dalğalanmağa başlayıb.

Çıxışlarda həmçinin vurğulanıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin və digər sahələrinin inkişafına mühüm töhfələr verir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına xidmət edir. Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində yaxından iştirak edən bir qrup partiya üzvləri fəxri fərmanlarla təltif ediliblər.

Digər xəbərlər