15 iyun Milli Qurtuluş Günü bugünkü qüdrətli Azərbaycanın başlanğıc nöqtəsi oldu
Bugünkü güclü, qüdrətli Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevdir. Bu baxımdan birmənalı şəkildə qeyd etmək olar ki, Dahi Öndər Heydər Əliyev Azərbaycanın özüdür. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Ulu öndərin bir sözü var, deyir ki, Azərbaycan durduqca mən var olacam. Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq. Faktlara əsasən o fikri vurğulamaq lazımdır ki, əgər Dahi Öndər Heydər Əliyev xalqın çağırışına əsasən Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsə idi, ölkəmiz viran olardı. Bundan istifadə edən məkrli xarici qüvvələr Azərbaycanı bir neçə yerə parçalayardılar.
Fakt ondan ibarətdir ki, ötən əsrin 90-cı illərində Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə ağır idi. Hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. İqtisadi vəziyyət cətinləşir, əhalinin vəziyyəti ağırlaşırdı. Hakimiyyət isə ağır problemləri həll etmək gücünə malik deyildi. Çünki bacarıqsız və səriştəsiz idilər. Narazı xalqı sakitləşdirmək, problemlərini həll etmək əvəzinə, küçələrə çıxan etirazçıların üzərinə hərbi və polis qüvvələri göndərib, onları döyməyə, təhqir etməyə və həbsxanalara atmağa başladılar. Bu kimi zorakılıqlar ölkədəki vəziyyəti daha da ağırlaşdırdı. Belə ağır, böhranlı dönəmdə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə “Səs” qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə xüsusi müraciət ünvanladı. Həmin ilin oktyabrın 24-də Ulu Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Dahi Öndərimiz partiyanın Sədri seçildi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Tarixi çıxışlarının birində Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərdə baş verən böhranlı durumla bağlı demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Dövlətin xilas yolu
Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərimiz ölkəni və xalqı üzləşdiyi bəlalardan xilas edə bildi. Bu baxımdan 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Dahi Öndər Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, 1993-cü il iyunun 9-da Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
“Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Yeni və qüdrətli Azərbaycan
Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) institutu yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktorlardan biri idi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi.
Tarixin yeni mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, Cənab İlham Əliyevin 2003-cü il də xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilməsindən sonra başladı. Görülən işlər, həyata keçirilən uğurlu siyasət ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrətinin artmasına təkan oldu. Təbii ki, Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ulu Öndər Heydər Əliyev “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işğaldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir.
İ.ƏLİYEV