İyunun 10-da Daxili Qoşunların Lənkəran rayonu ərazisində yerləşən N saylı hərbi hissədə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş günü – Azərbaycan dövlətçiliyinin xilas günüdür” adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının rəhbərliyi, hərbi hissənin komandanlığı və şəxsi heyəti və rayon təşkilatının fəalları iştirak ediblər.
Əvvəlcə YAP Lənkəran Rayon Təşkilatının sədri İqbal Əmənullayev və hərbi hissənin komandiri polkovnik Telman Həsənovun iştirakı ilə hərbi hissənin ərazisində yaradılmış Şəhidlər abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini polkovnik leytenat Elmin Məmmədov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm yer tutduğunu vurğulayaraq, bu tarixi günün xalqımızın taleyində dönüş nöqtəsi olduğunu bildirib.
Daha sonra çıxış edən gizir Tural Əliyev və əsgər Cavid Novruzov Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edərək qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar olub, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı üçün möhkəm təməl yaradılıb.
Tədbirdə geniş məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, 15 İyun 1993-cü il Azərbaycan tarixinin ən mühüm səhifələrindən biridir. Həmin dövrdə ölkəni bürümüş siyasi böhran və xaos məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində aradan qaldırılıb. Qeyd olunub ki, Milli Qurtuluş Günü müstəqil Azərbaycanın inkişaf yolunun, siyasi sabitliyinin və dövlət quruculuğunun əsasını təşkil edir.
İqbal Əmənullayev vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir, Azərbaycan regionun lider dövlətinə çevrilib və beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib. Qazanılmış tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün tam bərpası da məhz bu uğurlu siyasətin nəticəsidir.
Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan xalqının milli birlik, həmrəylik və dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğu xüsusi qeyd edilib.
Tədbirin sonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bir qrup zabit və əsgərə hədiyyələr və təşəkkürnamələr təqdim olunub. Həmçinin Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı tərəfindən hərbi hissəyə xatirə hədiyyəsi təqdim edilib.