Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş nöqtəsi olmuşdur. Bu tarix yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, həm də müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətinin xilası günü kimi yadda qalmışdır. Məhz bu gündən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitlik, dövlət quruculuğu və inkişaf mərhələsi başlanmışdır.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdə demişdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Bu sözlər onun həyat və fəaliyyətinin əsas məqsədini ifadə edirdi. Həqiqətən də, Heydər Əliyevin sonrakı fəaliyyəti göstərdi ki, o, bütün gücünü Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə yönəltmişdir.
Milli Qurtuluşun siyasi fəlsəfəsini fərqləndirən cəhətlərdən biri də dövlət maraqlarının bütün məsələlərdən üstün tutulması idi. Həyata keçirilən siyasətin məqsədi yalnız mövcud böhranı aradan qaldırmaq deyildi. Burada əsas hədəf uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi, dövlətin gələcək təhlükəsizliyinin təmin olunması və müstəqilliyin dönməz xarakter alması idi. Bu siyasi yanaşma qısa müddətdə öz nəticələrini göstərməyə başladı. Ölkədə ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi islahatlar həyata keçirildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Milli Qurtuluşun bəhrələri sonrakı illərdə daha aydın şəkildə özünü göstərdi. Neft strategiyasının uğurla həyata keçirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması və güclü ordunun formalaşdırılması Azərbaycanın yüksəlişinə yol açdı. Bu siyasi kurs bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni nailiyyətlər qazanmış, ərazi bütövlüyünü bərpa etmiş və regionun aparıcı dövlətinə çevrilmişdir.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm yer tutan tarixi hadisədir. Bu gün ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi və gələcək inkişafının təmin olunması ilə yadda qalmışdır. Milli Qurtuluş Azərbaycanın bugünkü uğurlarının əsasını təşkil etmiş, xalqın birlik və həmrəyliyinin rəmzinə çevrilmişdir. Bu tarixi günün əhəmiyyəti gələcək nəsillərə çatdırılmalı, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm örnək kimi öyrənilməlidir.
Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı