2021-ci il 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu mühüm sənəd Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsdiqləmişdir. Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmışdır.
Şuşa Bəyannaməsinin imzalanması həm siyasi, həm də tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənəd Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra azad edilmiş Şuşa şəhərində imzalanmışdır. Bu, Azərbaycan xalqının tarixi qələbəsinin və regionda yaranmış yeni reallıqların mühüm simvolu hesab olunur. Bəyannamə iki qardaş dövlət arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən strateji yol xəritəsi kimi çıxış edir.
Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması mərasimində çıxışı zamanı qeyd etmişdir: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.” Bu fikirlər Bəyannamənin tarixi köklərə söykəndiyini və gələcəyə yönəlmiş strateji sənəd olduğunu göstərir.
Bəyannamədə tərəflərin siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə təhlükəsizlik və müdafiə məsələləri sənədin əsas istiqamətlərindən biridir. Bəyannaməyə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yaranarsa, qarşılıqlı məsləhətləşmələr aparacaq və bir-birinə dəstək göstərəcəklər.
Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə də xidmət edir. Sənəddə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunması əsas prinsiplər kimi vurğulanır. Bununla yanaşı, Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsi nəzərdə tutulur.
Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı hesab olunur. Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” prinsipinin real siyasi və hüquqi ifadəsidir. Bəyannamə iki qardaş xalqın ortaq tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə əsaslanaraq gələcək əməkdaşlığın möhkəm təməlini formalaşdırır.
15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin ən mühüm sənədlərindən biridir. Bu Bəyannamə yalnız iki dövlətin münasibətlərini daha da gücləndirməklə kifayətlənmir, həm də regionun gələcək inkişafı, təhlükəsizliyi və rifahı baxımından böyük əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi qardaşlıq, birlik və həmrəyliyin parlaq nümunəsi kimi tarixdə öz layiqli yerini tutmuşdur.
Məhərrəm Hacıyev
YAP Kəngərli rayon təşkilatının fəalı