Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə də təsir göstərir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə tarixi günlərdəndir. Bu tarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin inkişaf yoluna çıxması baxımından xüsusi əhəmiyyət daşıyır.
Müstəqilliyimizin ilk illərində ölkədə siyasi qeyri-sabitlik hökm sürür, iqtisadi vəziyyət ağırlaşır, hakimiyyət uğrunda mübarizə isə dövlətçiliyi ciddi təhlükə qarşısında qoyurdu. Azərbaycan həm xarici təzyiqlərlə, həm də daxili problemlərlə üz-üzə qalmışdı. Belə bir dövrdə xalqın böyük əksəriyyəti ölkəni bu böhrandan çıxara biləcək təcrübəli və nüfuzlu siyasi liderə ehtiyac duyurdu.
1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpa olunmasına, dövlətçiliyin qorunmasına və milli birliyin möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə də 15 iyun tarixi Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının yaddaşında əbədi yer tutmuşdur.
Heydər Əliyevin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunçuluq bərpa olundu, dövlət quruculuğu prosesi sürətləndirildi. Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, dünya birliyində mövqeyi gücləndi və gələcək inkişafın möhkəm təməli formalaşdırıldı.
Bu gün Azərbaycan əldə etdiyi uğurlarla regionun ən güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin qazandığı nailiyyətlərin əsasında isə məhz Milli Qurtuluşdan sonra həyata keçirilən məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Hesab edirəm ki, Milli Qurtuluş Günü təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə inamın ifadəsidir. Bu gün hər bir azərbaycanlı üçün dövlətçilik, milli birlik və müstəqillik dəyərlərinin təntənəsini əks etdirən əlamətdar tarixdir.
Əfsanə Muradova
YAP Nərimanov rayon təşkilatının gənc fəalı