PDF Oxu

Siyasət

  • 399

Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır ŞƏRH

image

Məlum olduğu kimi, dostluğun və qardaşlığın ən yüksək zirvəsi olaraq 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki dövlət arasında Şuşa Bəyannaməsi imzalandı. Bu, dünyaya Azərbaycan və Türkiyənin dost və qardaş dövlət olması barədə daha bir mesaj idi. Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduzlu bayraqlarının birgə dalğalanması birliyimizi nümayiş etdirirdi.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin davamlı inkişafına xidmət edir. Bəyannamədə iki ölkə arasında beynəlxalq aləmdə iqtisadi, siyasi, ordu quruculuğu, təhsil, ticarət sahələrində birgə əməkdaşlıq nəzərdə tutulur. Şuşa Bəyannaməsi regionda sülhə də böyük yol açır. Bəyannamə Qarabağ və Şərqi Zəngəzur üçün iqtisadi münasibətlərin qurulmasına böyük dəstək olacaq. Şuşa şəhəri də daxil olmaqla ətraf kənd və qəsəbələrdə turizmin inkişafı üçün geniş imkanlar yaranır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq və digər iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və türk xalqlarının qardaş və dost kimi sıx tellərlə bir-birinə bağlanmasında xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. XX əsrin əvvəllərində Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", əsrin sonlarında Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət - iki dövlətdir" kəlamları xalqlarımızın bir-birinə ürəkdən necə bağlı olduğunun sübutudur. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri aparılır. Vətən müharibəsində olduğu kimi, quruculuq işlərində də Azərbaycan Türkiyə ilə sıx əməkdaşlıq edir. Şəhər və kəndlərimizin yenidən qurulması və bərpasında çoxsaylı türk şirkətləri fəaliyyət göstərir.

Onu da qeyd edək ki, Şuşa Bəyannaməsində əks olunan müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələsi tarixi nailiyyətdir. Ölkələrimiz sənədə əsasən, bir-birinin təhlükəsizliyini təmin edəcək. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onlara havadarlıq edənlərə də bir mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradılarsa, ordusu ilə Azərbaycanın yanında olacaq. Şuşa Bəyannaməsində həmçinin mühüm məsələlərdən olan xaricdə yaşayan Azərbaycan və türk icmaları arasında informasiya mübadiləsinin yaradılması nəzərdə tutulub. Bundan sonra xaricdəki Azərbaycan və türk diaspor təşkilatları ikitərəfli əlaqələri gücləndirəcək, bütün məsələlərdə həmrəylik təmin ediləcək. Şuşa Bəyannaməsi həm Azərbaycan, həm də Türkiyənin gələcəkdə daha güclü və qüdrətli dövlətlərə çevrilməsinə böyük təkan verir.

Ən əsası, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm bir addımdır. Bu sənəd, iki ölkə arasındakı strateji tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, bölgədə və dünyada sülh və sabitliyə töhfə verir.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Digər xəbərlər