Azərbaycan xalqının taleyində mühüm yer tutan hadisələrdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix xalqımızın dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin bərpası və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı ağır siyasi böhrandan xilas etmiş və dövlətçiliyimizin möhkəmlənməsinin əsasını qoymuşdur.
Müstəqilliyin ilk illərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdi. Ölkədə daxili qarşıdurmalar baş verir, dövlət idarəçiliyində ciddi çətinliklər yaşanırdı. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuş, ölkədə sabitlik pozulmuşdu. Bütün bunlar dövlət müstəqilliyini təhlükə altına salırdı.
Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun zəngin siyasi təcrübəsi və qətiyyətli fəaliyyəti nəticəsində ölkədə sabitlik təmin edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı dövrdə hüquqi dövlət quruculuğuna başlanıldı, ilk parlament seçkiləri keçirildi, Konstitusiya qəbul edildi və Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi.
Milli Qurtuluş Günü həm də Azərbaycanın gələcək inkişafının təməlini qoyan mühüm mərhələdir. Bu siyasət nəticəsində ölkəmiz siyasi və iqtisadi baxımdan güclənmiş, dünya birliyində layiqli yerini tutmuşdur.Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən mühüm və taleyüklü səhifələrindən biridir. Bu gün ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və sabit inkişaf yoluna qədəm qoyması ilə yadda qalmışdır. Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdir.
Mənim fikrimcə, Milli Qurtuluş Günü təkcə tarixi hadisə deyil, həm də xalqımızın birliyinin, dövlətinə və liderinə olan etimadının təcəssümüdür. Bu günün əhəmiyyətini hər bir gənc dərindən dərk etməli, dövlətimizin müstəqilliyinin hansı çətinliklər hesabına qorunduğunu bilməlidir. Hesab edirəm ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın bugünkü uğurlarının əsasını təşkil edir. Buna görə də 15 İyun tarixi xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla qeyd olunmalı, gələcək nəsillərə çatdırılmalıdır.
Qədirova Şəfiqə
YAP Nərimanov rayon təşkilatının gənc fəalı