PDF Oxu

Siyasət

  • 543

Qurtuluş tarixi - ŞƏRH

image

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik dövrü kimi xarakterizə edilir. Həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə idarəçilikdən xəbərsiz, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağı bacarmayan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük təhlükələrlə, faciələrlə üz-üzə qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedir, Ordu torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edir, ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunur, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan, faciələrdən xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu şərtləndirirdi. Bu vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ümummilli Lider Heydər Əliyevdə gördü. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. O, Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. 1993-cü il 15 İyun xalqımız üçün əsl qurtuluş tarixidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır” söyləyən Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ümummilli Liderin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallığa çevirdi və 2020-ci il 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Digər xəbərlər