“33 il əvvəl - 1993-cü ilin iyununda, Azərbaycanın ən çətin günlərində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixi qayıdış Azərbaycanı böyük təhlükələrdən, faciələrdən xilas etdi, vətəndaş müharibəsinin qarşısını aldı, dövlət müstəqilliyimizi əbədi və dönməz etdi. Müstəqilliyimizin bərpasının ilk illəri xaos, anarxiya, özbaşınalıqlar dövrü kimi xarakterizə edilir. Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, adı tariximizə Vətənin və xalqın xilaskarı, müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılan Ümummilli Lider Heydər Əliyev hər zaman ölkəmizi zirvələrdə görmək istəyini real addımları ilə təsdiqləyib: “Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirən Ulu Öndər xalqımızın öz təbii sərvətlərinin əsl sahibi olmaq istəyini də reallaşdırdı. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması, 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması Ümummilli Liderin uzaqgörən siyasətinin əsas tərkib hissələridir. Dahi şəxsiyyət dünya təcrübəsinə əsasən bu çağırışı etmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, qarşılıqlı təcrübə mübadiləsi aparılmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. Ümummilli Liderin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, bu gününə və sabahına inamı artırdı. Müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi ucbatından Azərbaycanla iqtisadi əlaqələr qurmağa tərəddüd edən ölkələr üçün geniş imkanlar yarandı. Belə ki, ölkəmizlə iqtisadi əməkdaşlıq genişləndi, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanı kimi diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı ilə inkişafı şərtləndirən mühüm amili önə çəkdi. Neft gəlirlərindən səmərəli istifadə həm Azərbaycanın iqtisadi qüdrətini artırdı, həm də əhalinin sosial müdafiəsini gücləndirdi”.
Malik Həsənov vurğulayıb ki, iqtisadi və siyasi islahatların vəhdəti Azərbaycanın dayanıqlı inkişafında əhəmiyyətli rol oynadı: “1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Konstitusiyada əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bütün sferalarda köklü islahatlar həyata keçirildi. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu sahədə qazandığı təcrübə dünyaya nümunədir. Ümummilli Lider Heydər Əliyev demokratik islahatları dünənimizin, bu günümüzün və sabahımızın əsası kimi dəyərləndirirdi. Nizami ordunun yaradılması, xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, hazırda tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqi bazanın yaradılması, həqiqətlərimizin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması, xarici siyasət uğurlarımızın davamlılığı 1993-2003-cü illərdə görülən işlərin əsas tərkib hissələridir. Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Son 22 ildən artıq dövrdə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır”.
Millət vəkili bildirib ki, Milli Qurtuluş Günü bu gün qürurla bəhs etdiyimiz tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına aparan yolun başlanğıcı oldu: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi. Ümummilli Lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla bildirmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Prezident İlham Əliyev Ümummilli Liderin arzusunu həyata keçirdi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tariximizin Zəfər səhifəsini yazdı. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan bununla bütün sahələrdə qazandığı uğurları təqdim etdi. Dövlətimizin başçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürur hissi ilə vurğuladı. Milli Qurtuluş Günündən başlanan tərəqqi yolunun uğurlu davamı nəticəsində tariximizə Zəfər Günü, Dövlət Suverenliyi Günü yazıldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.
Malik Həsənov ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa, zəfərlərə qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsidir.