"Prezidentin köməkçisi Hikmət Hacıyevin Orta Dəhlizlə bağlı səsləndirdiyi fikir əslində son illərdə Avrasiya məkanında baş verən geoiqtisadi transformasiyanın mahiyyətini əks etdirir. Yəni əgər əvvəllər Orta Dəhliz əsasən Çinlə Avropa arasında yükdaşımaları təmin edən alternativ nəqliyyat marşrutu kimi qiymətləndirilirdisə, hazırda bu layihə daha geniş funksiyalar qazanaraq çoxşaxəli iqtisadi və siyasi əməkdaşlıq platformasına çevrilməkdədir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Onun sözlərinə görə, son illərdə qlobal ticarət zəncirlərində müşahidə olunan dəyişikliklər, Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi nəticələr, ənənəvi marşrutların təhlükəsizliyi ilə bağlı risklərin artması və dövlətlərin təchizat zəncirlərinin şaxələndirilməsinə üstünlük verməsi Orta Dəhlizin əhəmiyyətini ciddi şəkildə artırıb: "Məhz bu səbəbdən də layihə artıq yalnız yük tranziti məsələsi deyil, Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və hətta Uzaq Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın yeni modelinə çevrilir.Bu kontekstdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Ölkə Şərq-Qərb nəqliyyat bağlantılarının mərkəzində yerləşərək həm logistika qovşağı, həm də siyasi dialoq platforması funksiyasını yerinə yetirir. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Xəzər üzərindən həyata keçirilən nəqliyyat layihələri Azərbaycanın bu marşrutun əsas iştirakçılarından biri kimi mövqeyini gücləndirib. Bunun nəticəsində ölkə təkcə tranzit gəlirləri əldə etmir, həm də regional iqtisadi proseslərə təsir imkanlarını artırır.Orta Dəhlizin strateji geoiqtisadi sistemə çevrilməsi onun yalnız nəqliyyat infrastrukturundan ibarət olmaması ilə də bağlıdır. Hazırda layihə çərçivəsində rəqəmsal bağlantılar, enerji təhlükəsizliyi, yaşıl enerji ixracı, gömrük prosedurlarının sadələşdirilməsi və investisiya əməkdaşlığı kimi istiqamətlər də ön plana çıxır. Xüsusilə Mərkəzi Asiyanın enerji resurslarının və yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılması perspektivi dəhlizin geosiyasi çəkisini daha da artırır.Digər mühüm məqam ondan ibarətdir ki, Orta Dəhliz müxtəlif regionları birləşdirən əməkdaşlıq platforması rolunu oynayır. Burada söhbət yalnız malların daşınmasından deyil, ölkələr arasında qarşılıqlı asılılığın və iqtisadi bağlılığın formalaşmasından gedir. Bu isə öz növbəsində siyasi sabitliyin möhkəmlənməsinə və regional əməkdaşlığın genişlənməsinə xidmət edir.Beləliklə, Hikmət Hacıyevin vurğuladığı kimi, Orta Dəhliz hazırda sadə nəqliyyat marşrutundan daha geniş məzmun daşıyan strateji geoiqtisadi sistemə transformasiya olunur. Bu proses Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşmasına, ticarət axınlarının yenidən qurulmasına və Azərbaycan da daxil olmaqla iştirakçı ölkələrin geoiqtisadi əhəmiyyətinin artmasına mühüm təsir göstərir".
Müəllif: Günel Fərzəliyeva