Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı və Ağdaş Uşaq, Gənclər, İdman və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə yeniyetmə idmançılar arasında “Gələcəyə doğru sürət - Qurtuluş kuboku” adlı veloyürüş təşkil olunub.
Əsas məqsədi yeniyetmələr arasında idmanı təbliğ etmək, velosiped idmanına marağı artırmaq və sağlam həyat tərzini aşılamaq olan tədbirin açılış mərasimində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək Azərbaycanın qurtuluş tarixindən geniş bəhs edib. Ə.Rəcəbov bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyi dövründə gənclər və idman siyasəti dövlət strategiyasının prioritet istiqamətinə çevrildi, Azərbaycanda idmanın kütləviləşməsinin möhkəm təməli qoyuldu. Bu gün həmin dahi ideyalar Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə və böyük uğurla davam etdirilir.
Daha sonra Ağdaş Təhsil sektorunun müdiri Zeynal Rəşidli, Ağdaş Uşaq, Gənclər, İdman və Şahmat məktəbinin direktoru Vüsal Davudov çıxışlarında Azərbaycan təhsilinə və idmanına göstərilən dövlət qayğısından söz açıblar.
Veloyürüşdə müxtəlif yaş qruplarından olan onlarla yeniyetmə idmançı mübarizə aparıb. İştirakçılar təyin olunmuş marşrut üzrə hərəkət edərək yüksək fiziki hazırlıq və sürət nümayiş etdiriblər.
Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər müəyyən olunub. Fəxri kürsüyə qalxan idmançılara YAP Ağdaş rayon təşkilatının Fəxri fərmanları, medal və qiymətli hədiyyələr təqdim edilib.