PDF Oxu

Siyasət

  • 572

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

image

İyunun 11-də Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd edib ki, tariximizin taleyüklü səhifələrindən biri olan Milli Qurtuluş Günü ölkəmizin gerçək müstəqilliyini və tənəzzüldən xilas olaraq tərəqqi mərhələsinə yüksəlməsini təmin edən tarixi dönüş nöqtəsi kimi yaddaşlara əbədi həkk olunub: “Sirr deyil ki, 1991-cı ildə dövlət müstəqilliyini bərpa etmiş ölkəmiz ciddi daxili və xarici təhdidlərlə üzləşmişdi. Dərin iqtisadi və siyasi böhrandan əziyyət çəkən Azərbaycan Ermənistanın genişlənən hərbi təcavüzü fonunda regionda təcrid vəziyyətinə düşmüşdü. Belə bir mürəkkəb dönəmdə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı ağır sınaqlardan xilas etdi və gələcək inkişafın möhkəm təməllərini yaratdı”.

YAP Sədrinin müavini vurğulayıb ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin əsası qoyuldu: “Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik bərpa olundu, ictimai-siyasi proseslər sağlam məcraya yönəldildi, qanunun aliliyi təmin edildi və dövrün çağırışlarına uyğun milli inkişaf strategiyası uğurla həyata keçirilməyə başlandı. 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş etdi, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirdi”.

Tahir Budaqovun sözlərinə görə, 2003-cü ildə xalqımız Heydər Əliyev yoluna sədaqət nümayiş etdirərək cənab İlham Əliyevə yüksək etimad göstərdi: “Bu, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasətin alternativsizliyinə qətiyyətli inamın birmənalı ifadəsi idi. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri Onun siyasi varisi İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirdi. Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirilməsi Azərbaycanı sürətli inkişaf yoluna çıxardı. İqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən ölkəmiz şanlı Zəfər zirvəsinə yüksəldi”.

YAP Sədrinin müavini bildirib ki, Ulu Öndərin tükənməz dövlətçilik irsinin, o cümlədən Milli Qurtuluş məfkurəsinin yeni nəslə dolğun surətdə çatdırılmasında, Azərbaycan gəncliyinin milli maraqlara sadiq, yüksək vətəndaş məsuliyyətinə malik şəxsiyyətlər kimi yetişdirilməsində ali təhsil müəssisələrinin də üzərinə mühüm vəzifələr düşür: “Müasir dövrdə universitetlər yalnız peşəkar kadrlar hazırlayan elm və təhsil müəssisələri deyil, eyni zamanda, dövlətçilik irsinin, milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının təbliğ olunduğu önəmli ictimai institutlardır. Bu xüsusda Azərbaycan Dillər Universitetinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Universitetdə gənclərin müasir biliklərə yiyələnməsi, xarici dilləri dərindən öyrənməsi, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, tarixi köklərə bağlı və dövlətçilik ənənələrinə sadiq vətəndaşlar kimi formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır”.

Tahir Budaqov qeyd edib ki, müasir dövrdə gənclərin qarşısında duran əsas vəzifə yüksək bilik və bacarıqlara yiyələnmək, milli maraqları hər zaman üstün tutmaq və əzmkar fəaliyyəti ilə ölkəmizin gələcəyinə layiqli töhfə verməkdir: “Əminik ki, Milli Qurtuluşdan başlanan şanlı Zəfər yolu bundan sonra da xalqımıza tarixi nailiyyətlər qazandıracaqdır. Hər birinizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə məqsədyönlü fəaliyyətinizdə uğurlar arzulayıram”.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla çıxışında bildirib ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. Onun sözlərinə görə, o vaxtkı vəziyyətdən xalqı xilas etməyi Heydər Əliyev kimi böyük şəxsiyyət bacara bilərdi: “Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun - Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Bu gün təkcə hakimiyyət dəyişikliyi və ya siyasi hadisə kimi deyil, Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlaması, parçalanmaq təhlükəsindən xilas olması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından taleyüklü mərhələ kimi qiymətləndirilir. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin böhrandan çıxararaq sabitlik, inkişaf və dövlət quruculuğu mərhələsinə gətirib çıxardı”.

Kamal Abdulla qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında 1993-cü ildən başlanan dövlət quruculuğu siyasəti dayanır: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə güclü dövlət institutları formalaşdı, sosial-iqtisadi inkişaf təmin edildi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam və inkişaf etdirilərək yeni mərhələyə yüksəldildi. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artması nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması Ulu Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu Zəfər həm də ata vəsiyyətinin yerinə yetirilməsi, Azərbaycan xalqının tarixi ədalətinin bərpası idi”.

Milli Qurtuluş Gününün milli birliyin təmin olunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını söyləyən K.Abdulla deyib ki, məhz bu gün Azərbaycan xalqının öz taleyini müəyyənləşdirdiyi, dövlətçiliyin xilası naminə doğru siyasi seçim etdiyi tarixi dönüş nöqtəsidir: “Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində mövcudluğunu davam etdirən Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır, regionun aparıcı güc mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir”.

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin inkişafında da Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu deyərək ali məktəbin professor-müəllim heyəti və tələbələrinin hər zaman dövlətçiliyə sadiq qaldığını vurğulayıb.

Çıxış edən Azərbaycan Dillər Universitetinin professoru Fərman Zeynalov bildirib ki, xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Azərbaycanı real təhlükələrdən qurtarmaqla yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi: “Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı”.

Onun sözlərinə görə, Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar və qurucu Lider rolunu oynadı: “Mübaliğəsiz demək olar ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün - 15 İyun tariximizin ən parlaq səhifələrindən biridir. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında müstəqil siyasət yürüdən ölkə kimi layiqli yer tutur, milli maraqlarımız qətiyyətlə tam şəkildə qorunur, - deyə F.Zeynalov vurğulayıb.

Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Fəxriyyə Mirzəyeva çıxışında qeyd edib ki, Milli Qurtuluş Günü dövlətçilik tarixində dönüş nöqtəsi, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi yolunda mühüm hadisə kimi yaddaşlara həkk olunub. Onun sözlərinə görə, bu gün biz müstəqil, güclü və inkişaf edən Azərbaycanda yaşayırıqsa, məhz bunun təməlində Ulu Öndərimizin hakimiyyətə tarixi qayıdışı dayanır: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlu inkişaf yolunu davam etdirir. Azərbaycan gəncliyi üçün bu gün geniş imkanlar yaradılıb. Təhsil, elm, innovasiya, beynəlxalq əməkdaşlıq və sahibkarlıq sahələrində gənclərə göstərilən diqqət gələcəyin savadlı, peşəkar və vətənpərvər nəslinin formalaşmasına xidmət edir”.

O bildirib ki, gənclər yalnız savadlı mütəxəssis olmaqla kifayətlənməməli, həm də bilik və bacarıqlarımızı daim inkişaf etdirərək, Azərbaycanın gələcək uğurlarında fəal iştirak etməlidir. “Mənim üçün bu tədbir həm də xüsusi mənəvi əhəmiyyət daşıyır. Çünki Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmağım və partiya vəsiqəsi almağım bir gənc olaraq məni qürurlandırır .Etimadı doğrultmaq, dövlətçilik dəyərlərinə sadiq qalmaq, ölkəmizin inkişafı naminə fəal olmaq və Ulu Öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə dəstək vermək hər birimiz üçün böyük şərəfdir”.

Sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.

Digər xəbərlər