“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Bu sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat amalını, siyasi fəaliyyətinin əsas məqsədini və Vətən qarşısında daşıdığı tarixi məsuliyyəti ən dolğun şəkildə ifadə edir. Məhz bu ali missiya nəticəsində Azərbaycan dövlətçiliyi 1990-cı illərin əvvəllərində üzləşdiyi ağır sınaqlardan çıxaraq müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən ciddi daxili və xarici təhdidlərlə üz-üzə qaldı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə siyasi böhran və idarəetmədə xaos hökm sürürdü. Hakimiyyətə gələn AXC rəhbərliyi dövlət idarəçiliyində yol verdiyi səhvlər səbəbindən ölkəni ağır vəziyyətə salmışdı. Hakimiyyət daxilində baş verən çəkişmələr, ayrı-ayrı siyasi qrupların şəxsi maraqları naminə apardıqları mübarizə dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu.
Ümummilli Lider Heydər Əliyev həmin dövrü xarakterizə edərək deyirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi”. Həqiqətən də, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaranmış, dövlət müstəqilliyinin itirilməsi ehtimalı real xarakter almışdı.
Belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz xilaskarına üz tutdu. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün sonradan Milli Qurtuluş günü kimi tarixə həkk olundu. Bu hadisə Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyimizin qorunması və gələcək inkişafının təməl daşı oldu.
Ali Sovetin Sədri seçildiyi gün Heydər Əliyev xalqa müraciətində bildirmişdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”. Bu bəyanat Ümummilli Liderin gələcək fəaliyyət proqramının əsas istiqamətini müəyyənləşdirirdi.
Qısa müddət ərzində ölkədə siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoyuldu, dövlət idarəçiliyi sistemi bərpa edildi. Azərbaycanın beynəlxalq nüfuzu artdı, iqtisadi inkişafın əsasları qoyuldu və müstəqil dövlət quruculuğu prosesi sürətləndi. Məhz həmin dövrdə qəbul olunan strateji qərarlar Azərbaycanın gələcək uğurlarının bünövrəsini təşkil etdi.
Ulu Öndərin tarixi missiyasının uğurla həyata keçirilməsinin üç mühüm amili var idi. Bunlardan birincisi Azərbaycan xalqının Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı idi. İkincisi, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qüdrətli siyasi iradəsi və böyük şəxsiyyət olması idi. Üçüncü mühüm amil isə onun mənsub olduğu xalqa, Vətənə və dövlətə sonsuz, təmənnasız sevgisi idi. Bu amillər birləşərək Azərbaycanın xilası və tərəqqisi üçün möhkəm əsas yaratdı.
Bu gün xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur. Çünki müstəqil Azərbaycanın mövcudluğu, sabitliyi və inkişafı onun adı ilə sıx bağlıdır. Heydər Əliyev yalnız bir siyasi lider deyil, həm də müasir Azərbaycan dövlətinin memarı və qurucusudur.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Ümummilli Liderin ideyalarının təntənəsidir. Müasir Azərbaycan Heydər Əliyevin görmək istədiyi güclü, azad, müstəqil və suveren dövlətdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş günü ilə əlaqədardır. Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Bu gün 15 İyun – Milli Qurtuluş günü Azərbaycan xalqının dövlətçilik salnaməsində xüsusi yer tutur. Bu tarix təkcə keçmişin deyil, həm də gələcəyin rəmzidir. Milli Qurtuluş günü Azərbaycanın müstəqilliyinin qorunmasının, xalqın öz liderinə inamının və dövlətçilik iradəsinin təntənəsi kimi tariximizdə əbədi yaşayacaqdır.