Azərbaycan xalqının taleyində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü müasir dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri kimi qeyd olunur. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin bərpası və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkədə siyasi böhran hökm sürür, hakimiyyət uğrunda mübarizə dərinləşir, iqtisadi vəziyyət ağırlaşır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı. Dövlət müstəqilliyinin itirilməsi və ölkənin parçalanması riski real təhlükəyə çevrilmişdi.Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilası missiyasını öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin gün Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində taleyüklü qərarların qəbul edilməsinə yol açdı.Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunması, qanunçuluğun bərpası və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Qısa müddət ərzində ölkədə yaranmış xaosun qarşısı alındı, vətəndaş həmrəyliyi gücləndirildi və Azərbaycanın müstəqil dövlət kimi inkişafı üçün möhkəm təməllər formalaşdırıldı.
Milli Qurtuluş Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Uğurlu neft strategiyasının həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi və ölkənin dünya birliyində layiqli yer tutması məhz həmin dövrdə müəyyənləşdirilən inkişaf kursunun nəticəsi oldu. Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsi də bu uzaqgörən siyasətin məntiqi davamıdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun yüksəlməsi, dövlət sərhədləri üzərində tam suverenliyin bərpa olunması və əldə edilən möhtəşəm uğurlar Milli Qurtuluş ideyalarının həyatiliyini bir daha təsdiqləyir.15 İyun – Milli Qurtuluş Günü xalqımızın birliyini, dövlətinə və müstəqilliyinə sədaqətini ifadə edən mühüm tarixi gündür. Bu tarix Azərbaycan dövlətinin ən çətin sınaqlardan uğurla çıxaraq güclü və qüdrətli ölkəyə çevrilməsinin başlanğıc nöqtəsi kimi daim böyük ehtiramla yad edilir.Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilası, milli həmrəyliyin təntənəsi və müstəqil Azərbaycanın parlaq gələcəyinə aparan yolun başlanğıcı kimi əbədi yaşayacaqdır.
Qorxmazova Fidan
YAP Qusar rayon təşkilatının fəalı