1993-cü ilin 15 iyun tarixi - Milli Qurtuluş Günü xalqımızın dövlətçilik salnaməsində dönüş nöqtəsi kimi mühüm önəm kəsb edir. Bu əlamətdar gün respublikamızda ictimai-siyasi sabitliyin bərqərar olunması və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. O dövrdə mürəkkəb proseslər fonunda ölkəmizin gələcəyi şübhə altında idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğala məruz qalması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Eyni zamanda, daxili qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə, separatizm meyilləri və idarəetmədəki xaos dövlət müstəqilliyinə ciddi təhlükə yaradırdı. O dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində həlledici rol oynadı. 1993-cü il iyunun 15-də Ümummilli Liderin Azərbaycan Ali Sovetinin sədri seçilməsi dövlətçiliyin xilası və milli birliyin təmin olunması baxımından tarixi hadisəyə çevrildi. Məhz buna görə də həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ilk növbədə ölkəmizdə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirildi və dövlət idarəçiliyində vahid nəzarət sistemi formalaşdırıldı. Cəmiyyətdə milli həmrəylik və vətəndaş birliyi möhkəmləndirildi, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlara başlanıldı. Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğunun bütün istiqamətlərində sistemli siyasət həyata keçirdi. Məhz həmin sabitlik sonrakı illərdə iqtisadi yüksəlişin, beynəlxalq nüfuzun artmasının və güclü dövlət modelinin formalaşmasının əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında cəbhədə atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Təbii ki, bu uzaqgörən siyasətin reallaşması nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu və tezliklə regionun lider dövlətinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlətimizin siyasi, iqtisadi və hərbi gücü daha da artıb, beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər xalqımızın milli birlik və həmrəyliyinin parlaq nümunəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz uzun illər işğal altında qalmış torpaqları azad edib və tarixi ədalət bərpa olunub. Bu Qələbə xalqımızın milli qürur mənbəyinə çevrilərək dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olub.
2023-cü ildə həyata keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub. Bununla da uzun illər davam edən separatizmə son qoyulub və dövlət suverenliyi bütün ərazilərdə bərpa edilib. Bu tarixi nailiyyətlər Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik siyasətinin, milli birlik strategiyasının və ordu quruculuğu modelinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması dövlətimizin qüdrətini və inkişaf potensialını nümayiş etdirir.
Milli Qurtuluş Günü həm də bugünkü uğurların əsasını təşkil edən tarixi mərhələdir. 15 iyun xalqımızın xilası, dövlətçiliyimizin qorunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində formalaşan güclü dövlətçilik ənənələri bu gün də ölkəmizin uğurlu gələcəyini təmin edən əsas amillərdən biri olaraq qalır. Milli Qurtuluşun yaratdığı siyasi sabitlik, milli birlik və inkişaf strategiyası müasir uğurlarımızın fundamental əsasını təşkil edir və gələcək nəsillər üçün mühüm dövlətçilik məktəbi kimi böyük əhəmiyyət daşıyır.
Emil Tağıyev
YAP Xaçmaz rayon təşkilatının sədr müavini