PDF Oxu

Siyasət

  • 569

Milli Qurtuluş Günü xalqımızın birliyini, dövlətinə və gələcəyinə sahib çıxmasını simvolizə edir - ŞƏRH

image

Hər bir xalqın tarixində onun gələcəyini müəyyənləşdirən mühüm günlər olur. Azərbaycan xalqı üçün belə əlamətdar günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi və sabit inkişaf yoluna çıxması ilə bağlıdır. Milli Qurtuluş Günü xalqımızın birliyini, dövlətinə və gələcəyinə sahib çıxmasını simvolizə edir.

1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli liderin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən xalq özü saldı”.
Milli Qurtuluşdan sonra ölkədə dövlət quruculuğu prosesi sürətləndi. Hüquqi, demokratik və dünyəvi dövlətin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. İqtisadi sahədə aparılan islahatlar nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu. Xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kurs müəyyən edildi, ölkənin beynəlxalq mövqeyi möhkəmləndi.
Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biri kimi tanınır. Ölkəmiz böyük beynəlxalq layihələrin iştirakçısıdır, iqtisadi və siyasi uğurları ilə diqqət çəkir. Bütün bu nailiyyətlərin təməlində 1993-cü ildə əldə olunmuş sabitlik və milli həmrəylik dayanır.
Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün xüsusi məna daşıyır. Bu gün bizə dövlətçiliyin, milli birliyin və müstəqilliyin nə qədər qiymətli olduğunu xatırladır. Azərbaycanın bugünkü uğurları göstərir ki, xalqın birlik nümayiş etdirməsi və güclü dövlətçilik ənənələrinə söykənməsi ölkənin inkişafının əsas şərtidir.
Bu gün Azərbaycan Milli Qurtuluş Gününün yaratdığı möhkəm təməl üzərində inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmiz beynəlxalq nüfuzunu daha da artırmış, iqtisadi və hərbi gücünü möhkəmləndirmişdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın milli birliyinin və güclü dövlət siyasətinin nəticəsidir.
Azərbaycan xalqı bu əlamətdar günü böyük ehtiramla qeyd edir və onun tarixi əhəmiyyətini daim yüksək qiymətləndirir.

Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər