PDF Oxu

Siyasət

  • 427

Şuşa Bəyannaməsi Cənubi Qafqazda sülh və əməkdaşlığın gücləndirilməsinə töhfə verir - ŞƏRH

image

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin tarixində mühüm əhəmiyyət daşıyan siyasi və hüquqi sənəddir. Bu bəyannamə 2021-ci il 15 iyun tarixində Qarabağın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmışdır. Sənəd iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığı daha da inkişaf etdirərək onu müttəfiqlik səviyyəsinə yüksəltmişdir.
Həqiqətən də Türkiyə-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Bu gün bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğını görürük. Bu baxımdan da demək lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla razılaşır. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Andlaşmanın bəyannamə formasında qəbul edilməsi də diplomatik və politoloji baxımdan mühüm məqamdır. Belə ki, bəyannamələr - deklarasiyalar rəsmi dövlət sənədi olmaqla daxili və xarici məsələlərdə dövlətin və ya dövlətlərin əsas fəaliyyət prinsiplərini, mövqeyini ehtiva edir və açıqlayır. İndiki halda deklarantlar Şuşadan bəyan etdilər ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar.
Bəyannamə Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini, xarici siyasət məsələlərində koordinasiyalı fəaliyyət göstərməsini nəzərdə tutur. Bu əməkdaşlıq regional və beynəlxalq səviyyədə hər iki dövlətin mövqeyinin güclənməsinə xidmət edir. Sənəddə Türk dünyasının birliyinin möhkəmləndirilməsi məsələləri də xüsusi yer tutur.
Şuşa Bəyannaməsində iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat layihələrinin inkişaf etdirilməsi mühüm istiqamətlər kimi göstərilmişdir. Xüsusilə regionda yeni nəqliyyat dəhlizlərinin açılması, enerji layihələrinin həyata keçirilməsi və kommunikasiya xətlərinin inkişaf etdirilməsi məsələləri ön plana çıxarılmışdır.
Azərbaycan və Türkiyə ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik xalqlardır. Şuşa Bəyannaməsində təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamət xalqlar arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Bu sənəd iki dövlət arasında mövcud olan "Bir millət, iki dövlət" prinsipinin hüquqi və siyasi ifadəsidir. Bəyannamə həm regional sabitliyin təmin olunmasına, həm də Cənubi Qafqazda sülh və əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dostluğunun və müttəfiqliyinin əbədi olduğunu bir daha bütün dünyaya nümayiş etdirmişdir.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər