Azərbaycan və Türkiyə xalqları əsrlər boyu ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik olmuşlar. Bu yaxınlıq iki dövlət arasında münasibətlərin daim inkişaf etməsinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra iki qardaş ölkə arasında əlaqələr daha da möhkəmlənmişdir. Məhz bu münasibətlərin məntiqi nəticəsi olaraq 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Respublikasının Prezidenti tərəfindən imzalanmışdır.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələsini müəyyən edən, iki dövlətin gələcək əməkdaşlığının əsas istiqamətlərini göstərən mühüm siyasi və hüquqi sənəddir. Bu bəyannamə təkcə iki ölkə üçün deyil, həm də bütövlükdə regionun təhlükəsizliyi və inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Sənədin Şuşa şəhərində imzalanması isə xüsusi rəmzi məna kəsb edir. Çünki Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq və zəfər simvoludur.
Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə çatdığını nümayiş etdirən mühüm sənəddir. Bəyannaməyə əsasən, iki dövlət qarşılıqlı maraqları qorumaq, regional təhlükəsizliyi təmin etmək və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində birgə fəaliyyət göstərəcəkdir.
Bu sənədin tarixi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərini rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlər sistemində bir-birinin milli maraqlarını müdafiə etməyə və qarşılıqlı dəstəyi davam etdirməyə hazır olduqlarını bəyan etmişlər.
Şuşa Bəyannaməsinə əsasən, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur. Bu əməkdaşlıq hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə və müasir texnologiyaların tətbiqinə şərait yaradır. Eyni zamanda, hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılması və kadr hazırlığının təkmilləşdirilməsi də sənədin mühüm istiqamətlərindən biridir.
Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Bəyannaməyə əsasən, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə enerji layihələrinin həyata keçirilməsində uzun illərdir uğurla əməkdaşlıq edirlər. Bu sənədə əsasən, enerji sahəsində mövcud əməkdaşlıq daha da genişləndiriləcək və yeni layihələrin icrası üçün əlavə imkanlar yaradılacaqdır.
Şuşa Bəyannaməsi yalnız iki ölkə arasındakı münasibətlər üçün deyil, bütövlükdə region üçün də mühüm əhəmiyyətə malikdir. Bəyannaməyə əsasən, Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması əsas məqsədlərdən biri kimi müəyyən edilmişdir.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı