2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar.
Bölgə üçün mühüm əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlar, demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, "dəmir yumruq"la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik səngərlərdə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyi ilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün tarixi-siyasi, diplomatik zəmin hazırlayır. "Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğuladı. Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa səslədi.
Bu, böyük bir tarixi nailiyyət idi! Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi!
Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, davamlı inkişafa böyük bir yolun göründüyü Şuşa Bəyannaməsi, əslində, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi əməkdaşlığı təşviq etməyə çağırırdı. 11 fevral 2022-ci il tarixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiqinə dair qanun" ratifikasiya edildi. 2022-ci il fevralın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunu imzaladı. Bununla da Azərbaycan və Türkiyə tarixi üçün böyük əhəmiyyətə malik Şuşa Bəyannaməsi qüvvəyə mindi.
Dövlətimizin başçısı fevralın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə göndərdiyi məktubda bu məsələyə də toxunaraq tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin təsdiq edilməsi ilə bağlı məmnunluğunu ifadə etmişdir: "Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmindəyik".
Şuşa Bəyannaməsində Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regionda sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığı vurğulanır.
Azərbaycan və Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən etdiyi göstərilir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir, bu istiqamətdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyəti vurğulanır.
Eyni zamanda Şuşa Bəyannaməsində tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri bildirilir. Sənəddə belə bir müddəa da öz əksini tapır ki, tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsində, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.
Aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və dəstək nümayiş etdirməklə yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyin göstərilməsi də Şuşa Bəyannaməsinin məzmununa daxildir.
Sənəddə diqqəti çəkən ən vacib məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Azərbaycan və Türkiyə bir-birini qoruyacaqlar:
Bəyannamənin əzəli-əbədi yurdumuz Şuşa şəhərində imzalanması ilə yanaşı, onun tarixi günlə bağlı iki əlamətdar məqamı da var. Bunlardan birincisi sənədə iyunun 15-də imza atılmasıdır. Həmin gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Müstəqilliyin ilk illərində respublikanın ağır xarici və daxili təhdidlərlə üzləşərək parçalanmaq, müstəqilliyini itirərək dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdiyi o ağır çağlarda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdıb Azərbaycanı xilas etdi, müstəqil dövlətçiliyimizin təməllərini möhkəmləndirdi.
Qardaş Türkiyə 44 günlük Vətən savaşında olduğu kimi, bu gün işğaldan azad edilmiş yurdlarımızda aparılan genişmiqyaslı quruculuq-bərpa layihələrində də Azərbaycanın yanındadır. Bu proseslərdə fəal iştirak edir, qardaş dəstəyini əsirgəmir.
Beləliklə Azərbaycan və Türkiyə iki ölkənin liderlərinin nail olduğu birlik işığında tarixi nailiyyətləri daha da genişləndirəcək, birliyin gücü ilə gələcəyə doğru inamla irəliləyəcəklər.
Tahirə Möhsünova
YAP Culfa rayon təşkilatının əməkdaşı