PDF Oxu

Siyasət

  • 1 197

Şuşa Bəyannaməsi: regional sabitlik və təhlükəsizliyin zəmanəti

image

“Qədim Şuşa şəhərində müasir tariximizin ən mühüm hadisələrindən biri olan Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Bəyannaməsinin imzalanmasından beş il ötür. Bu tarixi sənədin imzalandığı 15 iyun 2021-ci il tariximizin ən parlaq və ən şanlı səhifələri sırasında olaraq daim yaddaşlarda qalacaq. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan, iki dost və qardaş ölkə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Bu sənədin imzalanması ilə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması baxımından böyük əhəmiyyət daşıyır.
Millət vəkilinin sözlərinə görə, Şuşa Bəyannaməsi qardaşlığımızın yeni tarixi mərhələsini təşkil edir. Bu sənədin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Eyni zamanda, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşada iki ölkənin liderləri tərəfindən Müttəfiqlik haqqında Bəyannamənin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Burada ən mühüm məqam ondan ibarətdir ki, tərəflər təhlükəsizlik amilinə xüsusi önəm verir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
Pərvin Kərimzadə qeyd edib ki, imzalanma mərasimində Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi önəminə diqqət çəkən Prezident İlham Əliyev “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, - deyə vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, TDT, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb. Sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.
“Şuşa Bəyannaməsi özündə dünyada türk həmrəyliyinin gücləndirilməsinin zəruriliyini də ehtiva edir. Tarixi sənəddə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsi kimi müddəalar yer alıb. Göründüyü kimi, Azərbaycan və Türkiyə tarixi ənənələr əsasında dünyaya nadir əməkdaşlıq nümunəsi təqdim edirlər. Şuşa Bəyannaməsinin imzalanması da onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə gələcəkdə də bir yerdə olacaq və yeni tarixi anlara birlikdə şahidlik edəcəklər. Ötən beş il ərzində ölkələrimiz arasında əlaqələrin daha da güclənməsi bu sənədin müddəalarının yüksək səviyyədə icra olunmasının göstəricisidir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər