PDF Oxu

Siyasət

  • 1 689

Şuşa Bəyannaməsi: qardaşlığın yeni tarixi mərhələsi

image

“Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun və müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının beş ili tamam olur. 15 iyun 2021-ci ildə Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkənin münasibətlərində yeni səhifə açdı. Dövlətimizin başçısı İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında vurğuladığı kimi, Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.Reallıq budur ki, dünya hər zaman Azərbaycan-Türkiyə münasibətlərinin timsalında dostluğun, qardaşlığın nümunəsini görür. Bütün anlarda bir-birinin yanında olan iki qardaş ölkə əməkdaşlıq əlaqələrini hər bir sahədə uğurla davam etdirir. Şuşa Bəyannaməsində bu əlaqələrin dünəninə, bu gününə baxış əsasında gələcəyi özünün aydın ifadəsini tapır. Belə ki, tarixə əsaslanan bu Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları öz əksini tapıb. Bu çağırışlar iki dost ölkənin münasibətlərinin əsasını təşkil edir. 44 günlük İkinci Qarabağ müharibəsində dünya bir daha bu birliyin, həmrəyliyin şahidinə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” mesajını verdi. Tarixi Zəfərimiz birliyimizin təcəssümü kimi dəyərləndirilir. Bu gün bu birliyimiz Şuşa Bəyannaməsinin hər bir müddəasında öz əksini taparaq əbədiliyini, sarsılmazlığını bir daha nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında bu əminliyi də ifadə etmişdir ki, bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, qardaşlığın yeni tarixi mərhələsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, ölkələrimiz arasındakı əlaqələrin bütün müstəvilərdə davamlı inkişafını təmin edir: “Bu sənəd hər iki ölkənin iqtisadi qüdrətini artırır. Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri ölkələrin iqtisadi imkanlarının artmasında əhəmiyyətli rol oynamaqla yanaşı, onlar arasında körpüləri daha da möhkəmləndirir. Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verən layihələrimizin coğrafiyası genişlənir. Şuşa Bəyannaməsində də tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayır, bu layihənin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklərini bildirir, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər”.Malik Həsənov vurğulayıb ki, Şuşa Bəyannaməsində, həmçinin Zəngəzur dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi qeyd edilir: “Zəngəzur dəhlizi Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur”.Millət vəkili bildirib ki, Şuşa Bəyannaməsi iki ölkənin xarici siyasət uğurlarının davamlılığında, müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsində, yeni əməkdaşlıq istiqamətləri olan təhsil və media sahəsində əlaqələrin uğurlu inkişafında əhəmiyyətli rol oynayır: “Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yol xəritəsidir. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artırır. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin, hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı, bu məqsədlə səlahiyyətli strukturların, qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir”.

Malik Həsənov qeyd edib ki, ümumilikdə Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Digər xəbərlər