“Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində dövlətçiliyimizin xilası və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qurbanov parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.Deputat bildirib ki, 1993-cü ilin iyun ayında Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi: “Ölkədə hakimiyyət böhranı dərinləşir, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olunurdu və dövlət müstəqilliyinin itirilməsi real təhlükəyə çevrilmişdi”.Göydəniz Qurbanov qeyd edib ki, belə bir dövrdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq dövlətçiliyin parçalanmasının qarşısını aldı.Deputat vurğulayıb ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ilə ölkədə yeni mərhələ başladı, sabitlik təmin olundu və dövlət quruculuğu prosesi sistemli xarakter aldı.O əlavə edib ki, bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib.Göydəniz Qurbanov bildirib ki, ən mühüm tarixi nailiyyətlərdən biri işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpasıdır: “Bu, ata vəsiyyətinin yerinə yetirilməsidir”.Deputat sonda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə xalqı təbrik edib.
Müəllif: Günel Fərzəliyeva